Türkiyədə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbarbaycan "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə təmsil olunacaq
Ucnoqta.az xəbər verir ki, Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai işlər idarəsinin təşkilatçılığı ilə hər il Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda Azərbaycan şagirdləri də iştirak edir. 15 aprel-4 may tarixlərində baş tutacaq beynəxlalq teatr festivalında Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər.
Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə çıxış edəcəklər. Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Gimnaziyanın rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri "Kaspi" qəzetinin müxbiri, teatşünas Xəyalə Məmmədova da festivalda iştirak edəcəklər.
Tamaşada rolları Nəsimi - Vəliyev Aliulla, Aişə - Namazlı Fidan, Fatimə - Həsənzadə Almaz, Nəimi - Quluzadə Rufiz, dərviş - Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir. Qeyd edək ki, bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq.
Festivalda iştirak edəcək nümayəndə heyəti bu gün səfərə yola düşüb.