Avtovağzalın saytında rayonlara km-lər çox göstərilib: Bəs bunun səbəbi nədir? - VİDEO

20:36 - 11 Aprel 2019 - Xəbər

Bakıdan İsmayıllıya məsafə 260 km göstərilib. Üstəlik gedişhaqqılar bu məsafələrə uyğun hesablanır. Bakı Beynəlxalq Avtovağzalın saytında İsmayıllı ilə yanaşı Balakən və digər bir neçə rayon istiqamətində km-lər çox göstərilib. Bəs bunun səbəbi nədir? 

Bakı Beynəlxalq avtovağzalının rəsmi saytında Bakıdan İsmayıllıya olan məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə isə 441 km göstərilib. Gedişhaqqılar da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.

Halbuki, bu rayonlara Bakı-Şamaxı-İsmayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn Ağsu aşırımından keçməklə Bakıdan İsmayıllıya qədər olan məsafə 156 km, Balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, oğuz, Şəki, Qax, Zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.

Bunun səbəbini öyrənmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Xidmətin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də Ağsu aşırımından keçməklə İsmayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan Kürdəmir yolu ilə seçilib.

Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələb qoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlər Kürdəmir yolu ilə daşınsın. Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.

Qurum rəsmisi onu da bildirdi ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.

/xezerxeber

Xəbər xətti