Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası Şəhrisəbzdə (Özbəkistan) keçirilmiş II Beynəlxaq Milli Geyim Festivalında böyük maraq doğurub.
Ucnoqta.az xəbər verir ki, fəxri qonaq qismində dəvət festivalın təşkilatçılarından – Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi tərəfindən alınıb. Novruz bayramına həsr olunmuş tədbir KİV-də geniş işıqlandırılıb. Gülnarə Xəlilova fəxri diplomla qeyd edilib, KİV-lərə bir sıra müsahibə verərək Azərbaycanda Novruz bayramının keçirilməsinin böyük önəmini vurğulayıb.
Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Gürcüstan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdiriblər. Festival çərçivəsində yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçıların çıxışları baş tutub. İroda Ağzamxuja (Özbəkistan), Ayna İzbasar (Türkmənistan), Yekaterina Zabolotnova və Aliyə Edilova (Qırğızıstan) “Qızıl iynə” mükafatının laureatları olublar.
Festivalın ən yaxşı modelləri: Bibi Awards nominasiyasında Şahzadə Baltabayeva (Qırğızıstan), Miss Shahrisabz nominasiyasında Kumuşxon Madumarova (Özbəkistan), Top Model nominasiyasında Diyera Kamolova (Özbəkistan), Fest Girl nominasiyasında Sitora İslomova (Özbəkistan) qalib olublar.