Bu gün 33054 şagird buraxılış imtahanı verəcək

08:55 - 17 Mart 2019 - Xəbər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ölkənin 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, bu gün ümumilikdə 33054 şagirdin imtahan verməsi nəzərdə tutulub.
İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 33054 (Şəmkirdə 2644, Gədəbəydə 832, Ağstafada 928, Qazaxda 967, Tovuzda 2076, Mingəçevirdə 1367, Balakəndə 964, Zaqatalada 1162, Qaxda 598, Yardımlıda 623, Cəlilabadda 2197, Masallıda 2197, Lerikdə 574, Göyçayda 1308, Ağdaşda 1169, Ucarda 913, İsmayıllıda 945, Qobustanda 379, Ağcabədidə 1720, Füzulidə 808, Beyləqanda 1164, Salyanda 1398, Neftçalada 807, Hacıqabulda 816, Qusarda 1113, Qubada 1938, Siyəzəndə 527, Xızıda 182, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 738) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.

 

Xəbər xətti