Xırmandalı 1 saylı tam orta məktəbin şagirdlərinin təqdim etdiyi kompozisiya I yerə, Ağayrı kənd tam orta məktəb II və Şəhər 6 saylı tam orta məktəb III yerə layiq görülüb
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi. Ucnoqta.az xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 mart 2019-cu il tarixdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi.
Qeyd olundu ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Məhz Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu ili cənab Prezident “Nəsimi ili” elan edib. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.
O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Çıxışlardan sonra müsabiqəyə start verildi. Müsabiqədə 10 tam orta məktəbdən 50 nəfərdən çox gənc iştirak etdi. Münsiflər heyətinin ümumi rəyinə əsasən Xırmandalı 1 saylı tam orta məktəbin şagirdlərinin təqdim etdiyi kompozisiya I yerə, Ağayrı kənd tam orta məktəb II və Şəhər 6 saylı tam orta məktəb III yerə layiq görülərək Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.