Xətaidə top mərmisi tapılıb- Foto

16:48 - 7 Mart 2019 - Xəbər

Martın 7-də saat 11:51-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 41 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a ANAMA-dan məlumat verilib. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis İdarəsinin, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 57 mm-lik top mərmisi (OR-281) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti