Xəyalə Meydanova: “Yoldaşım qadağalar qoymur, çünki məni tamaşa oynayanda görüb bəyənib”
“Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltona deyirdim ki, istədiyim vaxt teatrı qoyub gedəcəyəm, çünki heç zaman aktrisa olmaq istəməmişəm. Amma zaman elə fırlandı ki, İntiqam Soltan mənə çıx get deyəndə, gedə bilmədim. Artıq teatra bağlanmışdım. Böyüklərimiz deyirlər ki, səhnənin tozunu udduqdan sonra ayrılmaq çətin olur. Həqiqətən elədir. Teatr o qədər sehrli bir yerdir, insanı özünə o qədər bağlayır ki, qopmaq çətin olur”. Deyir ki, özünü teatrdan ayrı hiss edə bilmir. Nə addım atırsa, onun bir küncündə mütləq teatr dayanır. Teatrdan uzaq qalanda özünü tək hiss edir. Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Xəyalə Meydanovadır.
- Sizi Bakı Uşaq Teatrında görüb sevmişik. Gənc Tamaşaçılar Teatrında böyük tamaşaçı kontingenti ilə üzləşdiniz. Bu fərqli keçidlər sizə hansı təsiri bağışladı?
- İlk dəfə Bakı Uşaq Teatrında 6 il işləmişəm. Sonra Gənc tamaşaçılar Teatrında işləmək qərarına gəldim. Çox böyük səhnə, böyük auditoriya, böyük rollar... Uşaq Teatrında ən çox uşaqlar üçün rollar oynamışam.
Adaptasiya olmaq, kollektivə qaynayıb qarışmaq çətindir. Düzdür, Gənc tamaşaçılar Teatrının kollektivini kənardan tanısam da, çoxu ilə əlaqəm yox idi. Amma nə yaxşı ki, məni mehriban qarşıladılar, öz aralarına tez aldılar. Bir müddət sonra gözümü açdım ki, artıq qaynayın-qarışmışıq. Elə bil artıq neçə illərdir ki, Gənc Tamaşaçılar Teatrında işləyirəm. Bir-birindən maraqlı rollar verdilər, oynayıb kollektivin etibarını qazandım. Artıq 3-cü ildir ki, burda fəaliyyət göstərirəm. Bu teatr mənim üçün çox doğmadır. Elə bilirəm ki, ilk qədəmimi elə burda atmışam.
- Hər bir rejissorun birlikdə işlədiyi aktyor heyəti olur. Bəs sizdə necə? Sizi hansı rejissorun aktrisası hesab etmək olar?
- Bilirsiniz ki, bizdə rejissorlar çoxdur. İlk dəfə teatra gələndə Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov mənə güvənib baş rol verib. “Uzuncorab Peppi” tamaşasında Peppi rolunu mənə etibar edib. Nicat Kazımovun, Vaqif Əsədovun hazırladığı tamaşalarda oynamışam. Ən çox uşaq tamaşalarını Elşad Rəhimzadə ilə işləmişəm. Demək olar ki, teatrın bütün rejissorları ilə işləmişəm. Teatrın uşaq tamaşalarının 90 faizinin repertuarında artıq varam.
- Uşaq tamaşalarındakı obrazlarınız çox sevilir. Bəs siz özünüzü daha çox hansı rollarda görürsünüz?
- Mən uşaq tamaşalarında oynayıram. Düzdür, böyük tamaşalarında oynamaq, böyüklər qarşısında çıxış etmək hamının arzusudur. Amma danılmaz faktdır ki, ən çətini uşaq tamaşalarında oynamaqdır. Çünki böyüyü hardasa aldatmaq olar, amma uşağı aldatmaq qeyri-mümkündür. Uşaq hər xırdalığa fikir verir. Onun sevdiyi personaji, obrazı oynamaq ümumiyyətlə çətindir. Uşaq səndən daha çox şey gözləyir, obrazı ona sevdirməlisən. Artıq uşaq tamaşalarında püxtələşmişəm. Çünki gözümü uşaq tamaşaları ilə açmışam. Bakı Uşaq Teatrında bunun bünövrəsini qoyub gəlmişdim. Ona görə bu rollara öyrəşmişəm. Böyük tamaşalardan Bəhram Osmanovun “Ümmansız qatar” tamaşasında oynayıram. Hələ böyük tamaşalarına keçid etməmişəm. İnşallah gələcəkdə olar(gülür).
- Çox enerjili, şən birisiniz. Heç özünüzə qapandığınız vaxtlar olurmu?
- Hər bir insanın özü ilə təkbətək qaldığı anlar olur. Xüsusilə, incəsənət insanları daha çox həssas olurlar. Ümumilikdə çox şən, mehriban, gülərüzəm, insanlara tez uyğunlaşıram, düşdüyüm məkanda qaynayıb-qarışıram. Amma mənim də hardasa bir küncdə özümə qapanacağım və nələrisə etiraf edib düşünəcəyim zamanlar olur.
- Sizin üçün film, serial, yoxsa teatr tamaşalarında oynamaq daha əzizdir?
- Mənim üçün ən doğma, əziz olanı teatrdır. Kino və seriallara çox az çəkilmişəm. Təklif də gələndə çox vaxt getmirəm, gedəndə də ürəksiz gedirəm. Çünki teatrı daha çox sevirəm. 16-17 yaşımdan gözümü teatrda açmışam. Teatra bağlılıq, birbaşa canlı ünsiyyət mənə daha maraqlıdır.
- Bəs teatr aktrisası olmağın nə kimi fərqlilikləri var?
- Mədəniyyət və İncəsənət Universitetinin Teatr Kollektivləri Rejissorluğu fakültəsini bitirmişəm. Aktrisa olmağı heç düşünmürdüm. Universitetdə oxuya-oxuya Mədəniyyət evində rejissor kimi fəaliyyət göstərmişəm. Xırda tamaşalar hazırlayırdım. Bir gün qismət elə gətirdi ki, Bakı Uşaq Teatrına gəlib düşdüm. O vaxtları Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltona deyirdim ki, istədiyim vaxt teatrı qoyub gedəcəyəm, çünki heç zaman aktrisa olmaq istəməmişəm. Amma zaman elə fırlandı ki, İntiqam Soltan mənə çıx get deyəndə, gedə bilmədim, artıq teatra bağlanmışdım. Böyüklərimiz deyirlər ki, səhnənin tozunu udduqdan sonra ayrılmaq çətin olur. Həqiqətən elədir. Teatr o qədər sehrli bir yerdir, insanı özünə o qədər bağlayır ki, qopmaq çətin olur. Amma getməli oldum. Özümü teatrda ayrı hiss edə bilmirəm. Nə addım atıramsa, onun bir küncündə teatr dayanıb. Ailə həyatı qurduğum üçün son zamanlar teatrda məşqlərim azalıb. Teatrdan uzaq qalanda özümü tək hiss edirəm.
- Yeni ailə qurmusunuz, həyatınızda nə dəyişdi? Həyat yoldaşınız qadağalar qoyurmu?
- Bu sualı mənə yaxınlarım da verir. İnanırsınız, heç nə dəyişmədi(gülür). Həmişə nələrinsə dəyişəcəyini düşünürdüm. Qorxurdum ki, ailə həyatı quranda həyat yoldaşım məni teatrdan uzaqlaşdırar. Şükür Allaha, yoldaşım qadağalar qoymur. Çünki o məni səhnədə tamaşa oynayanda görüb bəyənib. Qadağa qoymaq istəyəndə deyirəm ki, sən məni səhnədə görüb bəyənmisən, bunu unutma(gülür) Böyüklərimiz deyir ki, əsas olan ailədir. Düzdür, amma insan sevdiyi peşəni də davam etdirmək istəyir. Ailə qurdum, yenə həmin Xəyaləyəm. Yenə də teatr, vaxtlı-vaxtında məşqlər, tamaşalar davam edir.
- Deyirlər ki, aktyor rollara “ac” olur. Bəs sizin “ac” olduğunuz rollar hansılardır?
- Mən hələ nə oynamışam ki, nə obrazlar canlandırmışam ki... Teatrda son zamanlar ən çox işlətdiyim ifadə odur ki, özümü böyük tamaşalarında sınamaq istəyirəm. Artıq böyümək istəyirəm. Düzdür, insan o qədər uşaq tamaşaları oynayır ki, istənilən yaşda özünü uşaq hesab edir. İnsanın içində elə hisslər, rollar var ki, onu böyük tamaşalarında ortaya qoymaq istəyir. Bu uşaq tamaşalarında mümkün deyil. Çünki uşaq tamaşalarının 90 faizi şən, əyləncəli və gülməlidir.
- Onda belə çıxır ki, bu qədər şən, enerjili qalmağınıza səbəb uşaq tamaşalarındakı obrazlarınızdır...
- Əlbəttə. Həm də uşaqlara olan sevgim yüksəkdir. Onları tez ələ almağı bacarıram. Buna görə bəzən qohumlarım mənə psixoloq deyirlər. Uşaq olmağı, onların yaşlarının səviyyəsinə düşməyi bacarıram.
- Səhnədəki Xəyalə ilə, həyatdakı Xəyalənin oxşar və fərqli cəhətləri nələrdir?
- Maraqlı sualdır. Əslində hamının tanıdığı Xəyalə deyib-gülən, şən biridir. Amma hərdən özüməqapanmağım, görünməyən tərəflərim var. Tək qalanda tamamilə başqa oluram. Sakit, düşünən biriyəm. Təklikdə özümə hesabat verirəm, bəyənmədiyim şeylər haqqında düşünürəm, problemim varsa özlüyümdə həll etməyə çalışıram. Dostlarımın dərdinə şərik oluram, yaxşı-pis günlərində yanlarında olmağa çalışıram, lazım gəlsə məsləhət verirəm, amma kiməsə ağlamıram, problemlərimi danışmıram. Obrazlarıma gəlincə bütün obrazlarımda Xəyalədən bir parça olur. Uşaq tamaşalarında elə olur ki, bəlkə də Xəyalənin uşaqlıqda yaşamadıqlarından, arzu etdiklərindən nə isə var.
- Qeyd etdiniz ki, səhnəyə tez gəlmisiniz. Bəs ilk rolunuz hansı olub?
- İlk dəfə Uşaq Teatrında “Şrek və onun dostları” tamaşasında dovşan rolunda çıxmışam, tərəf müqabilim də hazırda Musiqili teatrın aktyoru olan Ruslan idi. Həmin tamaşada dovşanla canavarın rəqsi vardı. Həyəcandan o qədər özümü itirmişdim ki, tərəf müqabilim məni idarə edirdi, ayaqlarım tamam dolaşırdı, az qalırdım yıxılam. Tamaşadan sonra o qədər ağladım ki... Gənc Tamaşaçılar Teatrında isə böyük obraz kimi ilk həyəcanımı Ağalar İdrisoğlunun “Aycan”ında Gülyaz obrazında yaşamışam. İlk premyeram idi, çox həyəcanlı idim. Amma düşünürəm ki, elə də pis alınmamışdı.
- Bəs həyəcanlanan zaman nə edirsiniz? Bunun öhdəsindən necə gəlirsiniz?
- Bu hal məndə sanki adiləşib. Hətta səhnəyə çıxmağa az qalmış birdən alınmaz deyə çox qorxuram. Ancaq ilk addımımı səhnəyə qoyduğum andan həyəcan da narahatlıq da, qorxu da keçir. Səhnə məni öz ağuşuna alır və mən artıq obrazımın sehrinə düşürəm, daha heç nə hiss etmirəm, təkcə obrazımı yaşayıram. Yəqin səhnənin “sehri” də belə bir şeymiş (gülür).
Könül Oruc