Bir neçə gün öncə "Səni axtarıram" verilişinin toyunu etdiyi Elnur adlı fiziki məhdudiyyətli gənc kirayə mənzil tapa bilmir.
O, bu barədə ötən gün sözügedən proqramda danışıb: "Həyat yoldaşım Nərmin, yaxud digər qohumlarımız kirayə axtarmağa gedirlər, qiyməti də razılaşırlar. Amma məni görən kimi ev sahibi mənzili kirayə verməkdən vaz keçir. Biz ən azı 3-4 ay burada yaşamalıyıq. Çünki Nərmin hamilədir və kənddəki şəraitimiz hamilə qadın üçün uyğun deyil".
Verilişdə ekspert qismində iştirak edən tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanov isə birotaqlı mənzilini Elnurla xanımına təklif edib:
"Mən bu barədə evdə həyat yoldaşımla da danışmışam, o da razıdır. Bir otaqdan ibarət mənzilimizi deyilən müddətə Nərminlə Elnura yaşamaq üçün verməyə hazırıq. Biz gedib kirayədə yaşayarıq".
Elnurla Nərmin isə R.Rəhmanovun bu təklifinə etiraz ediblər.