Azərbaycanda birinci sinfə qəbul edilən uşaqların sayı AZALIB

14:44 - 12 Avqust 2025 - Xəbər

İndiyədək 125 min uşağın birincə sinfə qəbulu yekunlaşıb.

Bu barədə Ucnoqta.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib:

"Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər".

"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib.

Xatırladaq ki, 2024-2025-ci tədris ilində birinci sinfə 127 min şagird qəbul edilmişdi.

2023-2024-cü tədris ilində isə ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 862 uşaq gedib.

Xəbər xətti