Ombudsman Milli Məclisdə hesabat verir

12:08 - 5 Mart 2019 - Xəbər

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

 İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 2018-ci ilə dair illik məruzəsini təqdim etdi.
O, bildirib ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət  daxil olub. Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə  baxılmasından imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunubdur.

2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə veribdir.

4 regionda – Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər əhalinin müvəkkilə müraciətini asanlaşdırıb. 24 saat fəaliyyət göstərən 916 nömrəli “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

O, qeyd edib ki, ölkədə “ASAN xidmət”, “ABAD”, “Şəbəkə”, “DAİM” və s. kimi qurumların yaradılması insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri şəraitin yaradılmasına  mühüm töhfə verib. olke.az

Xəbər xətti