“Hər şeyə öz zəhmətimlə nail olmuşam”

19:50 - 28 Fevral 2019 - Mədəniyyət

Hüsniyyə Mürvətova: “Uğurumun nəticəsini görəndə işləmək həvəsim daha da çoxalır”

Deyir ki, bu gün tamaşaçıya nəyi təqdim etsən ona da meyl edəcək. Əgər onu yaxşı təqdim ediriksə yaxşıya, pis təqdim ediriksə pisə meyl edəcək. Sadəcə tamaşaçılara gözəl şeylər təqdim etməyə çalışmaq lazımdır: “İndi texnologiya əsri olduğu üçün insanlar internetə, sosial şəbəkələrə çox aludə olublar. Amma teatra, tamaşalara gələn insanlar bundan məmnundurlar, onların gözündəki işığı görürük. Gəncləri, uşaqları teatra cəlb etmək lazımdır”.

“Üç nöqtə” qəzetinin qonağı dublyajlar, səsləndirdiyi şeirlər və ən əsası, canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Əməkdar artist, Bakı Bələdiyyə teatrının tanınmış aktrisası Hüsniyyə Mürvətovadır. Əməkdar aktrisa ilə ümumi fəaliyyətindən, işlərindən söhbət açdıq.

- İllər sanki sizə təsir etmir. Hər zaman gənc, gözəl və enerjilisiniz. Belə gənc qalmağınızı nəyə borclusunuz?
- İlk növbədə Allahıma, daha sonra isə valideynlərimə borcluyam. Dünyada insan üçün ən vacib şeylərdən biri can sağlığıdır, Allah can sağlığımızı əlimizdən almasın. Həyatda hər şeyə çarə var. Çalışqan, mübariz olmaq lazımdır. Əgər zəhmət çəkirsənsə bunun mütləq qarşılığı olacaq. 16 yaşımdan etibarən bu sənətdəyəm və hər şeyə öz zəhmətimlə nail olmuşam. İndiki yaşıma qədər hələ də bunu davam etdirirəm. Öz işimi sevərək görürəm. Buna görə də zəhmətdən heç zaman bezmirəm. Uğurumun nəticəsini görəndə işləmək həvəsim daha da çoxalır.

- Hüsniyyə xanımı sənətə bağlayan nədir? 
- Elə sənətin özü (Gülür). İşimi, sənətimi çox sevirəm. Bu bağlılıq da sevgidən irəli gəlir.

- Dublyajlarınız çox uğurlu alınır, səs tembriniz gözəldir. Dublyaja başlamağınız necə oldu?
- 1998-1999-cu illərdən etibarən dublyaja başlamışam. Bu, təsadüf nəticəsində oldu. “VVS” şirkəti səsimi üzə çıxarıb. Dəvət etdilər. Bakı Bələdiyyə Teatrının aktyoru Kazım Abdullayev bizi ora apardı. Həmin vaxt mobil telefonum da yox idi. Kazım öz telefon nömrəsini həmin şirkətə verdi, hər dəfə reklam səsləndirmək lazım olanda həmin nömrəni yığırdılar. Bu səs yazısı mənə uğur gətirdi. Bundan sonra rejissorlarımızdan dəvət gəlməyə başladı. Ən məşhur reklamları vaxtilə mən səsləndirmişəm. ANS-dən film dublyajına dəvət etdilər. Daha sonra AzTV-yə də dəvət aldım. ATV-nin ilk filmini mən səsləndirmişəm.

- Bəs ilk dublyaj etdiyiniz film hansı olub?
- “Beşinci element” filmində baş rolu səsləndirmişəm. 

- Ümumiyyətlə, bu gün bizim tamaşaçılar daha çox nəyə meyllidirlər?
- Bilirsiniz, bu gün tamaşaçıya nəyi təqdim etsən ona da meyl edəcək. Əgər yaxşı təqdim ediriksə yaxşıya, pis təqdim ediriksə pisə meyl edəcəklər. Sadəcə, tamaşaçılara gözəl şeylər təqdim etməyə çalışmalıyıq. Hər kəs buna çalışmalıdır. Tamaşaçının zövqünü oxşamaq lazımdır. İndi texnologiya əsri olduğu üçün insanlar internetə, sosial şəbəkələrə çox aludə olublar. Amma teatra, tamaşalara gələn insanlar bundan məmnundurlar, onların gözündəki işığı görürük. Gəncləri, uşaqları teatra cəlb etmək lazımdır. Əvvəllər məktəblərdən uşaqları teatrlara aparırdılar. Dərsdə hər hansı bir əsər keçirlərsə, teatrda gedib buna canlı şəkildə baxırdılar.  Bu uşaqların inkişafı üçün müsbət haldır. Canlı danışığa, canlı tamaşalara meylləndirmək lazımdır. Çünki insanlarda robotlaşma gedir.

- Həm film və seriallara çəkilir, həm də teatrda fəaliyyət göstərirsiniz. Bunlardan sizə ən doğma olanı, ruhunuza yaxın hiss etdiyiniz hansıdır? 
- Hamısı ruhuma yaxındır. Amma ilk dəfə teatrda fəaliyyətə başladığım üçün onu daha çox sevirəm. Teatr canlı şəkildədir, tamaşaçılarla canlı ünsiyyətdə olursan, onların sevgilərini canlı şəkildə görürsən. Əlbəttə ki filmin, serialın öz yeri var. Hamısı sənətimin qollarıdır və mənə çox əzizdir.

- Əvvəlki illərə nisbətən yerli serialların sayı artıb. Bu say artımı keyfiyyətə təsir göstərirmi?
- Danışaram inciyərlər (gülür). Qoy olsun, rəqabət getsin. Aktyorlar burdan qazanc əldə edirlər. İstəyirəm ki, daha çox seriallar çəkilsin və aktyorlarımız daha çox qonorar alsın. Tamaşaçılara yaxşı və keyfiyyətli işlər göstərilsin.

- Hüsniyyə xanım nələrdən razı və nələrdən narazıdır?
- Bəxtiyar Vahabzadənin gözəl sözləri var, bircə ondan razıyam ki, özümdən narazıyam (gülür). Allahın yaratdığı bəndələrik, həyatımızı, yaşayırıq. Əgər həyatımda nəsə baş verirsə, bunun qismətim olduğunu düşünürəm və narazılıq etmirəm.

- Başqa aktyorların obrazlarını səsləndirmək daha çətindir, yoxsa özünüzün? 
- Öz rolumu səsləndirəndə daha çox məsuliyyət daşıyıram. Çünki başqa obrazın rolunu səsləndirən zaman rejissor necə istəyirsə elə səsləndirirəm və rejissor onu qəbul edir. Amma öz obrazımı səsləndirəndə rejissordan əlavə özümün də qəbul etməyim məsələsi var. Çünki bu, özüməm. Ümumilikdə hər ikisi məsuliyyət tələb edən işdir. Amma özümdə daha çox həyəcan keçirirəm.

- Özlərinə “ustad” deyən qeyri-peşəkar aktyorlara münasibətiniz necədir?
- Nə deyim, Allah onların köməyi olsun. Fikrimcə, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. 

- Teatrda ilk dəfə hansı rolu oynamısınız? 
- Sumqayıt Teatrına bir çoxları universitet qurtarıb gəlmişdi, mən isə məktəb partası arxasından. Rafiq Səməndərin “Dərs” əsərində Sevda rolunu mənə verdilər, həm də dublyor verdilər. Bu rol sırf mənim üçün idi və çox uğurlu oldu. Tez-tez rayonlara qastrola gedirdik. Hətta məktəblərə də gedirdim, məktəblər tərəfindən çox bəyənilirdi. İlk dəfə tamaşaçılar tərəfindən sevgini məhz o rolda hiss etdim.

Bütün Sumqayıt məktəbləri o tamaşaya baxmışdı, hətta mən Sumqayıtda gəzə bilmirdim, hamı “Sevda” deyə dalımca düşürdü (gülür). Bu, məndə bir az narahatlıq yaradırdı.

- Bəs oynamaq istəyib, amma oynamadığınız obraz varmı?
- Rejissorlarımız hansı rolu təklif edirlərsə, o, mənim üçün arzuolunan obrazdır. Mən sürprizləri sevirəm. Xoşlayıram ki, rejissor məni hansısa rolda görsün, məni inandırsın və o, obrazı yaradım. Aktyor və aktrisalar klassik əsərlərimizi tamaşalarda oynasalar yaxşı olar. Mən tərəfdarıyam ki, hansısa bir əsər götürülüb ssenariləşdirilsin və seriallar çəkilsin. Bunun vasitəsilə ədəbiyyatımızı insanlara təqdim edək. İnsanlar kitablarda oxuduqları qəhrəmanları film və seriallarda görsünlər.

- Rejissor ilə teatrda, yoxsa serialda işləmək asandır?
- Məncə bunun elə bir fərqi yoxdur. Rejissor məni yaratdığım obraza inandırmalıdır. Əgər rejissor məni inandıra bilirsə, mənim onunla elə bir problemim olmur. Həm də mənim xasiyyətimdə bir az ərköyünlük var (gülür). Rejissor üstümə qışqırmamalıdır. Bunu qəbul edə bilmirəm. İstər haqlı olsun, istərsə də haqsız. Amma bir dəfə ilk rolumda rejissor üstümə qışqırmışdı, mən də ağlamışdım. Sonradan bildim ki, ağlamağım yerinə düşmüşdü. Gəlib mənə dedi ki, bax, bunu istəyirdim səndən.

- Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova dünyasını dəyişdi. Teatrda onun yeri görünürmü?
- Allah rəhmət etsin. Amaliya xanımın yeri hər zaman görünəcək. O hələ də bizimlədir, bizi tərk etməyib. Biz onun yaratdığı teatrda çalışırıq. Müsahibədən sonra teatra tamaşa oynamağa gedəcəyik. Onun qurub yaratdığı işin davamını görürük. İndi məsuliyyətimiz birə min qat artıb. Çünki biz Amaliya xanımın adını hər zaman uca tutmalıyıq. Onun ruhu hər zaman bizimlədir. Bu barədə danışanda kövrəlirəm.

Könül Oruc

 


Xəbər xətti