Tariyel Qasımov: “Onun kolxoz sədrinin qızı olduğunu öyrənən kimi şanlı bir məktub yazdım”
“Atam kolxoz sədri olduğu üçün hər zaman anam, nənəm deyərdi ki, qız seçəndə kolxoz sədrinin qızını seçməlisən. Sən demə qonşu kəndin kolxoz sədrinin qızı da bizim sinifdə oxuyurmuş. Bunu öyrənən kimi həmin qıza dərs vaxtı şanlı bir məktub yazdım. Uşaqlarla qıza ötürdüm, o, məktubu oxuyanda ağlamağa başladı”.
Deyir ki, müəllim bunu görüb və məktubu müsahibimizin yazdığını bilib: “Müəllim yanıma gəldi, məni vurmaq istəyəndə özümü qorumaq üçün əlimlə üzümü bağladım. Məktubu yazdığım qələm də əlimdə idi. Qələmin ucu dəmirdən olduğu üçün müəllim məni vuran zaman əlinə batdı və necə oldusa arxası üstə yerə yıxıldı”. Müsahibim deyir ki, bu hadisədən sonra sinifdən qaçıb və 10 gün dərsə getməyib.
“Üç nöqtə” qəzetinin qonağı xalq artisti Tariyel Qasımovdur.
“Deyirdim ki, ay Allah, kaş mən də belə artist olaydım”
1939-cu il fevral ayının 4-də Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya göz açıb. Deyir ki, onun iki yaşı olanda atası müharibəyə gedib və o, artıq məktəbdə oxuyan zaman geri qayıdıb: “Uşaqlıq illərim Köçəsgər kəndində keçib. Atam kolxoz sədri işləyirdi, yaxşı atı vardı. Mən də at sürməyi çox sevirdim. Fikrim-zikrim dərslərimdə, bir də atamın kəhər atında idi. O, nahara gəlib istirahət edəndə atı götürüb kənd boyu çapardım. Şagird kimi dərslərimi elə də yaxşı oxumurdum. Ancaq ədəbiyyata həvəsim var idi, yaxşı şeir deyirdim, səsim olduğu üçün mahnılar oxuyurdum.
Tarix müəllimimiz Mustafa müəllim yaxşı tar çalırdı. Pambıq yığımı zamanı Mustafa müəllim məni aparıb pambıqçıların qarşısında oxudardı. Oxuduğum mahnılar da “Bakı”, “Sumqayıt” mahnıları idi. Özüm də yaman davakar uşaq idim. Teatra, kinoya həvəsim çox idi. Atam kolxoz sədri işlədiyi üçün Bakıdan gələn artistləri, müğənniləri bizim evə gətirərdi, qonaqlıq verərdi. Gecə səhərə kimi çalıb oxuyar, şənlənərdilər. Mən də onları izləyər, oynadıqları rollar, oxuduqları mahnılar xoşuma gələrdi. Deyirdim: ay Allah, kaş mən də belə artist olaydım. Bir gün Mustafa müəllimə Səməd Vurğunun “Vaqif” əsərini səhnələşdirməyi təklif etdim. Mənim təşəbbüsüm ilə məktəbdə ilk dəfə dərnək yaratdıq və “Vaqif” tamaşasını oynadıq”.
“Onun kolxoz sədrinin qızı olduğunu öyrənən kimi dərs vaxtı şanlı bir məktub yazdım”
Deyir ki, öz kəndlərində orta məktəb 10 illik, qonşu Eynallı kəndinin məktəbində isə 7 illik idi. Müsahibimin sözlərinə görə, Eynallı məktəbini bitirən şagirdlər təhsillərini üç il də Köçəsgər məktəbində davam etdirirdilər: “Mən 8-ci sinifdə oxuyanda bizim sinfə Eynallıdan şagirdlər gəldi. Atam kolxoz sədri olduğu üçün hər zaman anam, nənəm deyərdi ki, qız seçəndə kolxoz sədrinin qızını seçməlisən.
Sən demə həmin kəndin kolxoz sədrinin qızı da bizim sinifdə oxuyurmuş. Onun kolxoz sədrinin qızı olduğunu öyrənən kimi ona dərs vaxtı şanlı bir məktub yazdım. Uşaqlarla qıza ötürdüm, qız məktubu oxuyanda ağlamağa başladı. Səkinə müəllimə dedi, qızım niyə ağlayırsan? Qız heç nə demədi. Yanındakı qız isə məktubu Səkinə müəlliməyə verdi. Müəllimə oxuyub bunu kimin yazdığını soruşdu. Bu zaman bərk qorxdum, başımı aşağı saldım. Sən demə qızlardan biri məni müəllimə göstərib. Müəllim gəldi yanıma, məni vurmaq istəyəndə özümü qorumaq üçün əlimlə üzümü bağladım.
Məktubu yazdığım qələm də əlimdə idi. Qələmin ucu dəmirdən idi. Müəllim məni vuran zaman qələmin ucu onun əlinə batdı və necə oldusa arxası üstə yerə yıxıldı. Mən də tez durub qaçdım”.
“Direktor məni o qədər döydü ki, yeddi gün yerdə yatdım, dərsə gələ bilmədim”
T.Qasımov bu hadisədən sonra 10 gün dərsə getməyib: “Bir gün atam dedi ki, direktor səndən şikayət edir, niyə dərsə getmirsən? Dedim, qağa, (atamıza qağa deyə müraciət edirdik) gedirəm axı, yəqin direktor məni görmür. 10 gündən sonra məcbur olub dərsə getdim. Gedən kimi direktor sinif otağımıza gəldi, hamı ayağa qalxdı, qulağımdan yapışıb məni kabinetinə apardı. Qapısının arxasında yaxşı nar çubuqları var idi, gördüm çubuğu seçir, canıma qorxu düşdü. Məni o qədər döydü ki, yeddi gün yerdə yatdım, dərsə gələ bilmədim. Daha sonralar institutda qızlar mənə eşq elan edəndə qorxurdum, qəbul etmirdim”.
“Rektora yalandan dedim ki, dayım mənim aktyor olmağımı istəyir”
Müsahibim 1956-cı ildə orta məktəbi bitirib, Bakıya gəlib və sənədlərini Teatr İnstitutuna vermək istəyib. Onun sözlərinə görə, o vaxtlar Teatr İnstitutunda imtahanlar bir ay tez başladığından arzusunu reallaşdıra bilməyib: “Buna görə sənədlərimi bu instituta verə bilmədim və atam məni Bədən Tərbiyəsi İnstitutuna gətirdi. Cılız uşaq olduğum üçün atam dedi: bir az idmanla məşğul ol, bədənin formalaşsın, boyun uzansın. Mən 10-cu sinfi qurtaranda hamı elə bilirdi ki, 5-6-cı sinifdə oxuyuram. Bu instituta daxil olub oxusam da, fikrim-zikrim artist olmaqda idi. Öyrəndim ki, 26-lar adına Mədəniyyət Sarayında dram dərnəyi var, ora gedib yazıldım. Dərnəyin rəhbəri Lütfi Məmmədbəyov idi. Orda Şahmar Ələkbərov və Həsən Əblucla tanış oldum.
Mən ikinci kursda oxuyanda üçümüz də sənədlərimizi Teatr İnstitutunun “Kino-aktyorluq” fakültəsinə verdik. Bədən Tərbiyəsi İnstitutunun rektoru Ənvər Babayevə (Mirzə Babayevin qardaşı idi) fikrimi dedim. O dayımla dost idi, xətrimi çox istəyirdi. Dedi: dayın sənin aktyor olmaq istədiyini bilsə nə deyər? Yalandan dedim: dayım mənim aktyor olmağımı istəyir. Ənvər müəllim Teatr İnstitutunun rektoruna zəng etdi ki, bizim bir tələbənin artistliyə həvəsi var, gəlib sizdə oxumaq istəyir. Rektor dedi ki, köçürmə yolu ilə göndərin gəlsin”.
“Əgər o doğrudan da “artistlik” oxuyursa mənim o adda oğlum yoxdur”
Teatr Unstitutuna qəbul olmaq üçün sənətdən imtahan veməli oldum: “Sentyabr ayının 1-də Ədəbiyyat və İncəsənət qəzetində “Azərbaycan Dövlət Teatr İnstitutunun birinci kurs tələbələri tənəffüs zamanı” başlıqlı yazı çıxdı, özü də böyük bir şəkillə... Tərslikdən o şəkildə məndə var idim. Kənddəkilər bunu görüb, aparıb qəzeti atama göstəriblər ki, ay İsgəndər kişi, bax, sənin oğlun artistlikdə oxuyur. Atam da deyib ola bilməz, oğlum Bədən Tərbiyə İnstitutundadır. Gətirib qəzeti evdə anama göstərib və anamı Bakıya göndərib. Deyib: Get ona de ki, əgər o doğrudan da Teatr İnstitutunda artistlik oxuyursa, mənim o adda oğlum yoxdur. Anam yanıma gəldi, atamın dediklərini mənə çatdırdı. Dedim özü bilər, mən bu sənəti sevib seçmişəm, burda oxuyacağam. Anam da bir az kövrəldi, çünki atam çox ciddi adam idi. Bilirdi ki, mənimlə barışan deyil. Anam qayıdıb getdi”.
“Atam mənimlə danışmadı, ta ki əməkdar artist olana qədər”
Həmsöhbətim deyir ki, atası ondan küsdüyü üçün artıq evin kirayə pulunu verə bilmir və işləri çətinləşir: “Bir gün dərsdə bikef oturmuşdum. Şahmar bu halımı görüb yaxınlaşdı, səbəbini soruşdu. Hər şeyi ona danışdım. Dedi: heç kefini pozma, elə bu gündən bizə köçürsən, birlikdə qalırıq. Düz 4 il Şahmargilin evində oxudum. Hətta evlənən zaman elçiliyimi də Şahmarın anası etdi. Bu minvalla atam mənimlə danışmadı, ta ki əməkdar artist olana qədər. Qəzetdə “Əməkdar artist” adını aldığımı görəndən sonra mənimlə barışdı.
Atamla küsülü olduğum üçün yay tətillərində kəndə də gedə bilmirdim. Ona görə də pioner düşərgələrinə gedib, bədən tərbiyəsi müəllimi işləyirdim. Uşaqlar səhər yuxudan durandan sonra mənim rəhbərliyimlə idman hərəkətləri edirdilər. Bu pioner düşərgəsinin direktoru qadın idi və qəşəng qızı var idi, ona gözüm düşdü. Qız da Tibb Texnikumunda oxuyurdu. Qızla bir-birimizi sevdik və daha sonra evləndik.
Hərbi xidmətdə isə olmamışam, çünki o vaxtı institutdan əsgərliyə aparmırdılar. Gözləyirdilər ki, tələbə institutu bitirsin sonra aparsınlar, amma mən iki institutda oxuduğum üçün əsgərlik yaşım ötdü və aparmadılar”.
“Maaş az idi, evin kirayə pulunu verməyə çətinlik çəkirdim”
Müsahibimiz Teatr İnstitutunu bitirən zaman təyinatını Akademik Milli Dram Teatrına veriblər. Bunun səbəbi 3-cü kursda oxuyan zaman “Romeo və Cülyetta”da rol oynaması olub: “Mən 3-cü, Amaliya Pənahova isə 2-ci kursda oxuyan zaman Tofiq Kazımov Teatr İnstitutunda rejissorluq kafedrasının müdiri idi. Onun tələbəsi Ramiz Əliyev öz tamaşasında Romeo rolunu mənə, Cülyettanı isə Amaliya xanıma vermişdi. Biz o tamaşanı oynayan il Tofiq Kazımov Akademik Milli Dram Teatrına baş rejissor təyin olunmuşdu. İkimizin də rolunu bəyəndiyindən tələbə vaxtından bizi ora aparmışdı. İnstitutu bitirəndən sonra da burda işləməyi davam etdirdim.
Amma bu teatrda heç bir il işləyə bilmədim. Çünki müəllimim Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrından (GTT) Dram teatra keçdi. GTT-də əsasən gənc aktyorlar idi. Və o, məni GTT-yə göndərdi. Burada Lütfi müəllimin oynadığı rolları oynamağa başladım. Lakin maaş az idi, evin kirayə pulunu verməyə çətinlik çəkirdim, çünki evlənmişdim. Naxçıvan Teatrının direktorunun oğlu Nizami Həmzəyev ilə dost idik. O mənim çətinlik çəkdiyimi görüb dedi: Atama deyim səni Naxçıvan teatrına götürsünlər, ev də verərlər, rahat yaşayarsan. Razılaşdım və 1966-cı ildə Naxçıvan Teatrına getdim”.
“Erməni arvadı yoldaşıma deyib ki, aprel ayının 20-də Bakıya gedin... ”
Naxçıvan Teatrında gözəl rollar oynadığını deyən müsahibimin sözlərinə görə, o cəmi 6-7 ay orda işləyib: “Qərara gəlindi ki, Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı yaradılsın. Teatr institutunun 4-cü kurs tələbələrinin hamısını ora göndərmişdilər. Tələbələr də C.Cabbarlının “Sevil” tamaşası ilə gəlmişdilər. Naxçıvan Teatrında işləyən zaman mənə Balaş rolunu oynamaq təklif olundu. Qəbul edib, İrəvana gəldim. Bir neçə ay sonra İrəvanda mənə ev verdilər. Bir il yarım orda işlədim, həm rollar oynayır, həm də quruluş verirdim. Burda erməni qonşularım var idi, xətrimi çox istəyirdilər. Aprel ayı yaxınlaşanda erməni arvadı yoldaşıma deyib ki, aprelin 24-də Andronikin qisasını almaq üçün mütləq bir azərbaycanlı öldürülməlidir. Yaxşı olar ki, aprel ayının 20-də Bakıya gedib, hadisələr qurtarandan sonra qayıdıb gələsiniz, birdən xəta-filan olar. Bunu eşidən kimi tez Bakıda elan verdim ki, evi dəyişirəm. Və Bakıya gəldim”.
“Teatrda baş rolları oynayırdım”
Bakıya qayıdan kimi Gənc Tamaşaçılar Teatrına üz tutan müsahibimizi işə götürməyiblər. Deyiblər ki, o vaxtı yarımçıq qoyub getmisən: “Bundan sonra kinostudiyaya gəldim, rəhmətlik Adil İsgəndərov məni rejissor köməkçisi götürdü. 3-4 ay işlədim. O vaxt kinostudiyaya “Tacikfilm” kinostudiyasından ikinci rejissor gəlmişdi. Məni görəndə dedi ki, siz aktyora oxşayırsınız, Firdovsinin “Şahnamə”si əsasında “Rüstəm və Söhrab” haqqında üç seriyalı film çəkirik. Sən orda Söhrab roluna çox uyğunsan. Üz quruluşum, yaraşığım onun xoşuna gəldi. Bu söhbətin üstündün heç 20 gün keçməmiş teleqram gəldi: Düşənbə şəhərinə gəlməlisən. Yola düşdüm.Baş rejissor mənə dedi ki, sənin sifətin Söhraba çox oxşayır, amma boyunun balacadır. Odur ki, səni ayrı rolda, 3 seriyada çəkəcəyəm. Onu da deyim ki, Söhrab obrazı cəmi bir seriyada idi. Bundan sonra məni “Türkmənfilm”, “Özbəkfilm” və s. müxtəlif rollara dəvət etdilər. Sonra Almaniyadan dəvət gəldi, Berlində filmə çəkildim. Beləliklə, bundan sonra kino fəaliyyətim başladı. Teatrda baş rolları oynayırdım”.
Könül Oruc