Vəfa Bağırzadə: “Bəstəkar hər bir janrda əsər yazmağı bacarmalıdır”
“Həmişə çalışıram ki, mahnılarıma dərin fəlsəfi mənası olan şeirlər seçim. Çünki sözlər nə qədər düşündürücü olarsa, mahnı da bir o qədər mənalı və gözəl alınar. Mənə deyirlər ki, mahnılarına fəlsəfi şeirlər əvəzinə bir az bəsit sözlər seç, onsuzda mahnı özü də bəsit janrdır. Lakin mən mahnını bəsit janr hesab etmirəm. Əksinə çalışıram ki, dərin fəlsəfi fikirləri olan şairlərin şeirlərinə müraciət edim”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı gənc bəstəkar, Azərbaycan Milli Konservatoriyasının magistr pilləsinin 2-ci kurs tələbəsi və Bakı Xoreoqrafiya Akademiyası nəzdində İncəsənət Kollecinin müəllimi Vəfa Bağırzadə bölüşdü. Müsahibimizlə onun yaradıcılıq fəaliyyətindən, gələcək planlarından danışdıq.
- Bir az özün haqqında məlumat ver, oxucularımız səni daha yaxından tanısın...
- 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olmuşam. İlk musiqi təhsilimi Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində almışam. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuşam. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyasının magistr pilləsinin sonuncu kursunu bitirmək üzrəyəm. Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyası nəzdində İncəsənət Kollecində müəllim vəzifəsində çalışıram.
- Bəstəkarlığa gəlişindən danışaq bir az. Bu sənətə marağın necə yaranıb?
- Uşaq yaşlarımdan bəstəkarlığa marağım var idi və bu sənətə yiyələnməyi çox arzulayırdım. Dahi bəstəkarların əsərlərini dinləyəndə onların bu cür gözəl musiqini necə yarada bildikləri məni daim düşündürürdü. Uşaq vaxtı öz melodiyalarımı bəstələyib, onları zümzümə edirdim. Lakin bir qədər böyüdükdən sonra dərk etdim ki, bəstəkarlıq çox uca və müqəddəs bir zirvədir. Və artıq elə düşünməyə başladım ki, heç zaman bu zirvəyə yüksələ bilməyəcəyəm. Bu səbəbdən də musiqişünaslığa hazırlaşmağa qərar verdim. Sonra elə oldu ki, Raya Abbasovanın yanında bu ixtisas üzrə hazırlaşarkən söhbət əsnasında ona heç kimə göstərməsəm də, mənim də bəstələrimin olduğunu dedim. O, bəstələrimi indi hamımızın tanıdığı bəstəkar və müəllim Cəlal Abbasova göstərməyimi təklif etdi. Əvvəl tərəddüd etsəm də, sonradan komplekslərimi bir kənara qoyub bəstələrimi ona göstərdim. Heç gözləmədiyim halda Cəlal müəllim bəstələrimi çox bəyəndi və mənə bu sahəni davam etdirməyi məsləhət gördü. Həmin andan etibarən o, mənimlə ciddi məşğul olmağa başladı. Forma quruluşuna tabe olan və notla əsər yazmaq ilk vaxtlar mənə çox çətin gəlsə də, zaman keçdikcə öyrənməyə başladım. Beləliklə, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisasına qəbul ola bildim. Burada elə Cəlal Abbasovun sinfində təhsil almağa başladım.
- Valideynlərin səni dəstəkləyirmi?
- Valideynlərim musiqiçi deyil. Anam ədəbiyyat müəlliməsi, atam isə hüquqşünasdır. Yalnız dayım Zaur Hüseynov orta musiqi təhsilli tar ifaçısı olsa da, sonra bu sənəti davam etdirməyib. Professional olaraq bu sənəti ilk mən davam etdirmişəm. Buna baxmayaraq, valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə klassik musiqi dinləyirdik. Evimizdə daim Bethovenin, Şopenin əsərləri səslənirdi. Bəstəkarlığa yönəlməyimdə bunun da təsiri var. Bu sənəti seçdiyimi biləndə valideynlərim məni öz qərarımın öhdəsinə buraxdı və daim dəstəklədi. Onlar özləri musiqiçi olmasa da, hər hansı başqa bir peşəni seçməyim üçün təkid etmədilər. Hazırda əldə etdiyim bir çox uğura görə onlara borcluyam.
- Müəllimlərin necə, sənin yaradıcı fəaliyyətin haqqında nə düşünürlər?
- Məncə bunu müəllimlərimdən soruşsanız daha yaxşı olar (gülür). Oxuduğum illər ərzində öz sözünü demiş, kifayət qədər savadlı və tanınmış müəllimlərdən dərs almışam. Müəllimlərimdən Cəlal Abbasov, Pikə Axundova, Vasif Allahverdiyev, Nazim Mirişli, Ramiz Mirişli, Dadaş Dadaşov, Faiq Nağıyev və Fəxrəddin Salimin adlarını çəkə bilərəm. Düşünürəm ki, sənət həyatında doğru yolu tapmağımda məhz onlar vasitəçi olublar. Yaradıcılıq fəaliyyətimi onlar da dəstəkləyir və yaxşı qiymətləndirirlər. Cəlal Abbasov və Pikə Axundovanın adlarını isə xüsusi qeyd etmək istəyirəm. Bir müəllim kimi onların mənə və əsərlərimə çox böyük təsiri olub. Cəlal Abbasov əsərlərimin müxtəlif səhnələrdə səslənməsinə, bir bəstəkar kimi yetişməyimdə mühüm rola malikdir. Pikə Axundova isə məndə orkestr təfəkkürünü yaratdı. O mənə dedi: “Bəstəkar tək bir alətdə əsər yazmaqla kifayətlənməməlidir, onun alətləri orkestrin bütün alətləridir. Sən bu alətləri nə qədər dərindən, anlasan əsərlərin də bir o qədər mükəmməl alınar”. O, həmçinin, yaradıcılığımı da çox bəyənir və artıq professionallıq yolunda irəlilədiyimi düşünür.
- Çox vaxt bəstəkarlar yaradıcılıqlarında bəzi janrlara daha aparıcı mövqe verirlər. Səndə necə, yaradıcılığının əsas janrı var, yoxsa hər janrda əsər yazmağa səy göstərirsən?
- Bəstəkar hər bir janrda əsər yazmağı bacarmalıdır. Buna baxmayaraq, bir janra yaradıcılığında daha aparıcı mövqe verərək özünə bir imic seçə bilər. Məsələn, Tofiq Quliyev, Emin Sabitoğlu özlərini daha çox mahnı janrında tapmış və mükəmməl vokal nümunələri yaratmağa müvəffəq olmuşdular. Hətta Tofiq Quliyev estrada janrını öz musiqisində tətbiq edərək onu özünün imicinə çevirmişdi. İndi estrada deyəndə ağla ilk Tofiq Quliyev gəlir. Mənə gəldikdə isə, daha çox simfonik musiqiyə meylim var. Başqa janrlarda da əsərlər yazsam da, düşünürəm ki, simfonik musiqi hər zaman həyatımın bir parçası olacaq.
- Düzdür, hər bir bəstəkarın əsərləri onun doğma övladı kimidir. Lakin bəzi əsərləri ona daha yaxın olur. Sənin də belə əsərlərin varmı?
- Ana üçün necə bütün övladları eynidirsə, mənim üçün də belədir. Hər nə qədər aralarında müvəffəqiyyətsiz hesab etdiklərim olsa da, yazdığım bütün əsərlər mənə doğma və əzizdir. Lakin içlərində elələri var ki, onlar daha çox ruhuma toxunur və ürəyimcədir.
- Çaykovski bir bəstəkar kimi öz uğursuzluqlarını hər zaman etiraf edir, hətta müvəffəqiyyətsiz hesab etdiyi bəzi əsərlərinə qarşı olduqca sərt münasibət bəsləyirdi. Məsələn, uğursuz alındığını düşündüyü “Undina” operasının notlarını o özü məhv etmişdi. Sənin də bəyənmədiyin əsərlərin varmı?
- Əlbəttə, var. Məsələn, “simli kvartet”imi heç bəyənmədiyimi etiraf etməliyəm. Düşünürəm ki, onun ilk ifası da uğursuz alınmışdı. Baxmayaraq ki, əsəri çox adam bəyənmişdi, amma özüm bəyənmirəm.
- Mahnı əksər bəstəkarların sevimli janrıdır. Sənin bu janra münasibətin necədir?
- Mahnı janrını çox sevirəm. Özümün də mahnılarım var. Belələrindən Bəxtiyar Vahabzadənin sözlərinə “Səni sevirəmsə”, Vaqif Səmədoğlunun sözlərinə “Dünyaya çıx gülə-gülə”, Yunus Əmrənin sözlərinə “Gəl gör məni eşq neylədi”, “Yoxdur, yox” mahnılarımın adlarını çəkə bilərəm. Düzdür, simfonik janra daha çox meyl edirəm, lakin mahnı da həyatımın bir hissəsidir və gələcəkdə də bu janrı davam etdirməyi düşünürəm. Ümumiyyətlə, sufi musiqisinə çox böyük marağım var və Yunus Əmrənin sözlərinə yazdığım mahnılar da bu musiqi ilə bağlı yaratdığım nümunələrdir.
- Mahnılarını bəzəyən sözləri seçərkən, əsasən hansı şairlərin şeirlərindən bəhrələnirsən?
- Öncəliklə onu deyim ki, şeir oxumağı çox sevirəm. Anam ədəbiyyatçı olduğu üçün uşaqlıqdan şeir və ədəbiyyat dünyasının içində böyümüşəm. Şeir seçərkən seçici davranmağım da bəlkə də bundan qaynaqlanır. Həmişə çalışıram ki, mahnılarıma dərin fəlsəfi mənası olan şeirlər seçim. Çünki sözlər nə qədər düşündürücü olarsa, mahnı da bir o qədər mənalı və gözəl alınar. Mənə deyirlər ki, mahnılarına fəlsəfi şeirlər əvəzinə bir az bəsit sözlər seç, onsuzda mahnı özü də bəsit janrdır. Lakin mən mahnını bəsit janr hesab etmirəm. Əksinə çalışıram ki, dərin fəlsəfi fikirləri olan şairlərin şeirlərinə müraciət edim. Belə şairlərdən Ramiz Rövşən, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlunun adlarını çəkə bilərəm.
- Noyabr ayında “Kamera və Orqan musiqi zalı”nda sözləri böyük şairimiz Vaqif Səmədoğluya məxsus “Dünyaya çıx gülə-gülə” əsərin səsləndi və böyük rəğbət qazandı. Bu mahnının ərsəyə gəlməsinin bir hekayəsi varmı?
- Düşünürəm ki, hər bir əsərin ərsəyi gəlməsinin bir tarixçəsi var. Bu mahnının da özünəməxsus hekayəsi var. Şeirə ilk dəfə 2012-ci ildə müraciət etmişəm. O zaman hələ Cəlal müəllimin sinfində bəstəkarlığa hazırlaşırdım. Prelüdlər yazmışdım və düşünürdüm ki, romans da yazsam pis olmaz. Bunun üçün də şeir axtarışına başladım və qarşıma Vaqif Səmədoğlunun bu şeiri çıxdı. Şeir çox xoşuma gəldi və həmin an beynimdə mahnının melodiyası canlandı. Qərara gəldim ki, bu şeirə mütləq mahnı yazmalıyam. O zaman Vaqif müəllimlə biz sosial şəbəkədə vaxtaşırı danışırdıq. Vaqif müəllim sözün əsl mənasında çox səmimi, təvazökar və gözəl qəlbli insan idi. Mahnı yazmaq ideyamı onunla da bölüşdüm. O, fikrimi çox bəyəndi və razılığını verdi. Bütün bunlara baxmayaraq, mahnını yaza bilmədim, çünki o zaman kifayət qədər təcrübəm yox idi. Onun əvəzinə müxtəlif prelüdlər yazmağa davam etdim. İllər keçdi, 2016-cı ildə, Vaqif Səmədoğlunun ölümündən 1 il sonra həmin şeirə yenidən müraciət etmək qərarına gəldim. Lakin bu dəfə mahnını bəstələyib bitirə bildim. Vaqif Səmədoğlunun ölümü mənə çox toxunmuşdu. Bəlkə də bu səbəbdəndir ki, mahnı belə duyğulu və təsirli alınıb. Qəribəsi budur ki, əsəri tamamlamağıma baxmayaraq ifaçı tapa bilmirdim. Elə bil bütün ifaçılar sözləşmişdi, hamısı yalnız: “Musiqi yaxşıdır, amma sözləri dəyiş” deyirdi. Lakin mən qətiyyətli oldum, sözləri dəyişmədim. Fəlsəfi mənanı dərk etməyən insanlara görə mən öz yolumdan dönə bilməzdim. 2017-ci ilin dekabr ayında Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş konsertdə tamaşaçı qismində iştirak edirdim. Orada bir qız “Ağ çiçəyim” mahnısını ifa etdi və səsini çox bəyəndim. Düşündüm ki, bu qız mütləq mənim mahnımı oxumalıdır. Konsertdən 1-2 gün sonra həmin qızı yenidən gördüm və onunla danışmağı qərara aldım. Qız mahnımı çox bəyəndi və təklifimi məmnuniyyətlə qəbul etdi. Nəhayət, ilk dəfə 2018-ci ilin aprel ayında “Dünyaya çıx gülə-gülə” mahnım Günay Məmmədovanın solo ifası və Firuzə Nəcəflinin pianoda müşayiəti ilə Kamera və Orqan musiqisi zalında səsləndi. Mahnı çox böyük rəğbət qazandı. Mənə yazıb mahnını bəyənmədikləri və oxumaq istəmədikləri üçün peşmanlığını bildirənlər, hətta mahnını ifa etmək istəyənlər də oldu. 2018-ci ilin noyabrında həmin mahnı bu dəfə İsmət Sabirli və Günay Məmmədovanın duet ifası və Nazlı Allahverdiyevanın pianoda müşayiəti ilə yenidən Kamera və Orqan musiqisi zalında səsləndi. Mahnı bu dəfə əvvəlkindən də böyük uğurlar əldə etdi. Qeyd edim ki, bu yaxınlarda mahnını Türkiyədən də ifa üçün istəyən olub.
- 1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş musiqi festivalı çərçivəsində sənin də əsərlərinin səsləndiyi “Gəncliyə töhfə” konsertləri keçirildi. Festival necə keçdi və hansı əsərlərin səsləndi?
- Festival son dərəcə uğurlu oldu. Konsertlərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında xalq çalğı alətləri üçün yazdığım “Rondo-vals” əsərim, Nərmin Rzayevanın ifasında fortepiano üçün prelüdlərim səsləndi. Əsərlərim çox yaxşı qarşılandı və hər kəs əsərlərimdə özünəməxsusluğun hiss olunduğunu söylədi. Bir gənc bəstəkar olaraq bununla qürur duyur, üzərimdə əməyi olan valideynlərimə və müəllimlərimə dərin minnətdarlığımı bildirirəm.
- Son olaraq, bu sənətdə hansı planların və məqsədlərin var?
- Planlar çoxdur. Düşünürəm ki, üzərimdə daha çox çalışmalıyam. Çünki bəstəkarlıq elə bir sənətdir ki, daim yeni şeylər öyrənirsən. Məqsədlərim də çoxdur, məsələn, ney aləti üçün əsərlər, kantata, Yunus Əmrənin, Vaqif Səmədoğlunun şeirlərinə silsilə əsərlər yazmaq istəyirəm. Bu yaxınlarda da Dövlət çərçivəli Estrada mahnı müsabiqəsi keçiriləcək. Hazırda müsabiqə üçün əsərlər üzərində işləyirəm. Ən böyük istəyim isə “Ali və Nino” əsərinə balet yazmaqdır.
Nazlı Allahverdiyeva