“Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin adı mart ayınadək açıqlanacaq”.
Bunu Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova deyib. O bildirib ki, seçilən müğənninin adı İctimai Televiziyada elan olunacaq: “Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin kimliyi ilk olaraq İctimai Televiziyada səslənəcək. Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı 4 finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq”.
Qeyd edək ki, bu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkənin nümayəndəsi iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq. Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.