Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb

20:56 - 25 Yanvar 2019 - HADİSƏ

Lənkəran rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Cənub bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Belə ki, Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psixotrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərək götürülüb.

Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Xəbər xətti