Yanvarın 16-na keçən gecə Xaçmaz rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında Xudata gedən yolun kənarında yerləşən “Xoşbəxt” kafesinin qarşısında meyiti tapılan 27 yaşlı Tamerlan Həmidovun elə həmin kafedə çalışan şəxs tərəfindən öldürülməsi məlum olub.
Belə ki, T.Həmidov kafedə olarkən həmin obyektdə işləyən və əvvəlcədən tanıdığı Mürşüdoba kənd sakini Nazim Həsənovla mübahisə edib. Mübahisə daha sonra dava-dalaşa keçib və həmin şəxs Tamerlana bıçaqla zərbələr endirib. 27 yaşlı kənd sakini hadisə yerində keçinib. Onun meyiti morqa aparılıb. T.Həmidovun ailəsi onun ölümündən dünən səhər saatlarında xəbər tutub.
Bildirilir ki, qətlə yetirilən 27 yaşlı şəxs ailəli, 3 uşaq atası olub.
Hadisəni törədən şəxs artıq tutulub, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.