Qəzənfər Abbasov: “Muğamda yenilik etmək mümkün deyil, yalnız mükəmməl ifalar etmək mümkündür”
“Uşaq yaşlarımda efir vasitəsilə ifa olunan mahnıları dinlədikcə məndə oxumaq ruhu yaranırdı. Artıq 10-12 yaşlarımda xalq mahnılarını dərk edir, necə oxumaq lazım olduğunu anlayırdım. O vaxt indiki kimi deyildi, bir televiziya kanalı var idi. Əsasən də radioya qulaq asırdıq. Mən radio vasitəsilə Arif Babayevi, Xan Şuşinskini, Yaqub Məmmədovu dinləyirdim. Onları dinlədikcə, səslərinin ahəngini tutub mən də oxuyurdum”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Milli Konservatoriyasının əməkdar müəllimi Qəzənfər Abbasov dedi. Müsahibimizlə onun ümumi fəaliyyətindən, tələbələri ilə münasibətindən danışdıq.
- Xanəndə olmaq necə bir hissdir?
- Əvvəla, müsahibə götürdüyünüz üçün sizə təşəkkür edirəm. Arzu edirəm ki, qəzetiniz uzun ömürlü olsun. Sualınızın cavabına gəldikdə isə, deyə bilərəm ki, bu hiss ilahi bir hissdir. Bəlkə də, hamı tərəfindən deyilən sözləri deyəcəm, amma mənim sözlərim ilə başqaları arasında fərq var. Çoxları bu hissin nə olduğuna dair izah verə bilməzlər. Bu hiss insanın daxili intuisiyasıdır, həyəcanıdır. Muğam elə bir janrdır ki, yalnız vergili, yəni istedadlı insanlar nəğməkar, xanəndə ola bilirlər. Yalnız onlar bu hissi keçirə bilir. Bu hissin də sözlə ifadəsi çox çətindir. Necə ki, muğamın tərifi çətindir, bu hissin də tərifini vermək mümkün deyil. Çünki hər bir insanın daxili intuisiyasından bir aləm doğur, mənfi və ya müsbət… Xanəndə sevincli, yəni müsbət hisslər keçirərsə, fərqli səpkidə ifalar edər. Əgər mənfi, yəni qəmli bir aurada olarsa, bu zaman da tamam fərqli ifalar ortaya çıxar.
- Xanəndə olmaq istədiyinizi biləndə ailəniz necə qarşıladı?
- Səs doğuşdan verilən bir vergidir. Uşaq yaşlarımdan səsimin olduğunu hiss edirdim. Kənd uşağı olmuşuq, Ağcabədi rayonunun Hacılar kəndində böyümüşük. Ağacın “haça” deyilən yerində oturub nə gəldi oxuyardıq. Təbii ki, uşaq olduğumuz üçün mahnı bilmirdik, amma öz aləmimizdə əylənirdik. Bir qədər böyüyəndən sonra efir vasitəsilə ifa olunan mahnıları dinlədikcə məndə də oxumaq ruhu yaranırdı. Artıq 10-12 yaşlarımda xalq mahnılarını dərk edir, necə oxumaq lazım olduğunu anlayırdım. O vaxt indiki kimi deyildi, bir televiziya kanalı var idi. Əsasən də radioya qulaq asırdıq. Mən radio vasitəsilə Arif Babayevi, Xan Şuşinskini, Yaqub Məmmədovu dinləyirdim. Onları dinlədikcə, səslərinin ahəngini tutub mən də oxuyurdum. O vaxt toylara gedib mağarın kənarından oxuyanlara qulaq asırdıq. Həmin toylarda Süleyman Abdullayevi, Əhsən Dadaşovu görmüşəm. Əmim Sabir Abbasov da orda oxuyurdu. O, mənim ilk ustadım olub.
Bu sənəti seçməyimə, ailəmin buna münasibətinə gəldikdə isə, əslində mənim xanəndə olmaq fikrim yox idi. Ailəm bu sənətə o qədər də razı deyildi. Bunun səbəbi də kəndimizdə musiqi məktəbinin olmaması ilə bağlı idi. Ailədə 8 uşaq idik və hərəsi bir ixtisasa yiyələnmişdi. O vaxt mən Azərbaycan Dövlət Universitetinin – indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə hazırlaşırdım. Hüquqşünas olmaq istəyirdim, ancaq qismət olmadı. O dövrün nə qədər yaxşı xüsusiyyətləri olsa da, bəzi çirkinlikləri də vardı. O vaxt Hüquq fakültəsinə hər adam qəbul ola bilmirdi, çox az hallarda kasıb adamların uşaqları instituta girə bilirdi. Mən də qəbul ola bilmədim. Lakin yaxşı səsim olduğu, həm də davamlı olaraq oxuduğum üçün mənə bu sahəni davam etdirməyi, Asəf Zeynallı adına musiqi kollecinə daxil olmağı məsləhət gördülər. Kollecə daxil olmaq üçün 6 ay Nəriman Əliyevin sinfində hazırlaşdım və bura qəbul olmağı bacardım. Kollecə daxil olduqdan sonra Nəriman müəllimin sayəsində qısa müddətdə - 5 illik təhsil müddətinin 3 ilində ixtisas üzrə mənə veriləcək təhsili tamamladım. Nəriman Əliyev qısa müddətdə mənə muğamları öyrətdi.
- Bu gün müəllim olmağınızda kimlərin rolu var?
- Müəllimlik çətin sənətdir. Eyni zamanda həm ifaçı, həm də yaxşı müəllim olmaq çox çətindir. Lakin yaxşı müəllim, həm də yaxşı ifaçıdır. Müəllim dərs prosesi zamanı öyrətdiklərini həm də ifa etməli olduğu üçün hər dərsdə biraz da təkmilləşir, irəli gedir. Tədris metodikasını da Nəriman müəllimin sayəsində öyrənmişəm. O, şagirdlərə dərs keçən zaman məni oxudur, onları öyrətməyimi istəyirdi. Respublikada çox az xanəndə tapılar ki, Nəriman müəllimdən, Seyid Şuşinskidən bəhrələnməsin. Nəriman Əliyev özü də Seyid Şuşinskinin tələbəsi olub. Seyid Şuşinskinin tələbəsi olmuş müəllimlər də var. Əlibaba Məmmədov özü Seyid Şuşinskinin tələbəsi olub. Mənim ikinci böyük ustadım Arif Babayev də Seyid Şuşinskidən bəhrələnib. Kolleci bitirəndən sonra Nəriman müəllimin tövsiyəsi ilə o zamankı Dövlət Konservatoriyasına qəbul oldum. Nəriman müəllim məsləhət gördü ki, burada Arif Babayevin tələbəsi olum. Ali təhsil müddətimdə Arif Babayevdən çox bəhrələndim. O bir müəllim kimi çox gözəl tövsiyyələr verdi, məni çox yaxşı öyrətdi. Bu gün müəllim olmağımda Arif Babayevin çox böyük əməyi var. Hal-hazırda biz onunla bir kafedrada çalışırıq. Nəriman Əliyev də, Arif Babayev də mənə muğamların keşiyində dayanmağı tapşırırdı. Onların hər ikisi məndən olduqca razı idilər və gələcəkdə yaxşı müəllim olacağımı söyləyirdilər.
- Bu sənəti seçdiyinizə görə peşman olduğunuz anlar olubmu?
- Mənə elə gəlir ki, insan heç vaxt seçdiyi sənətə görə peşman olmamalıdır. Hər bir kəs öz peşəsini sevməli və onu layiqincə yerinə yetirməyə çalışmalıdır.
- Əgər xanəndə olmasaydınız, hüquq fakültəsinə daxil olub, bu sahə üzrə irəliləməyi düşünürdünüzmü?
- Əgər hüquqşünas olsaydım, yəqin ki, o zaman da səsim olduğu üçün musiqi ilə məşğul olar, müəyyən məclislərdə çıxış edərdim. Amma o zaman bu musiqi savadına malik olmayacaq, muğamları bu qədər dərindən bilməyəcəkdim.
- Bəs tələbələrinizlə münasibətiniz necədir?
- Tələbələrimlə münasibətim çox yaxşıdır. İstedadlı tələbələrim var. Bütün muğam müsabiqələrində tələbələrim iştirak ediblər. Müəyyən turlara qədər gələ bilənlər, laureat olanlar, hətta yer tutanlar da olub. 2011-ci ildə keçirilən muğam müsabiqəsində tələbələrim Səbinə Ərəbli 1-ci, Nigar Şabanova isə 3-cü yerə layiq görüldü. Ondan əvvəlki müsabiqələrdə də mənim tələbələrim olan Taleh Balakişiyev, Rəna Qafarova iştirak ediblər və onların orada çox yüksək səviyyədə ifaları olub.
- Tələbələrinizin televiziyada, müsabiqələrdə, hansısa tədbir və konsertlərdə uğurlu çıxışlarını görəndə bir müəllim kimi necə hisslər keçirirsiniz?
- Əvvəla, sevinc hissləri keçirir və onlarla qürur duyuram. Dərsdə onların yaxşı oxuması, gələcəkdə savadlı bir xanəndə olmaları üçün necə çalışıramsa, bir o qədər də onlar səhnəyə çıxdığı zaman həyəcanlanır və sevinirəm.
- Elə tələbələriniz varmı ki, onlardan tamamilə razısınız və sənət həyatında irəli gedəcəyinə inanırsınız?
- Əlbəttə, elə tələbələrim var. Həm Asəf Zeynallı adına musiqi kollecində, həm də Azərbaycan Milli Konservatoriyasında tələbələrim çoxdur. Bu tələbələrin bir qismi təhsilini başa vurub, bir qismi isə hələ də təhsil almaqda davam edir. Asəf Zeynallı adına musiqi kollecində Fidan Qasımbəyli, Ülviyyə Məmmədzadə, Azərbaycan Milli Konservatoriyasında Nüşabə Kərimli səsi və istedadı olan tələbələrimdəndir. Nüşabə Kərimli 2017-ci ildə keçirilən Muğam müsabiqəsindəki laureatlardandır. O da uzun müddət müsabiqədə qala bildi və uğurlu çıxışları oldu. Tələbələrimə hər zaman çox çalışmalarını məsləhət görürəm, çünki çox çalışanda hər zaman bəhrəsini görürsən. İnanıram ki, bu tələbələr gələcəkdə də çox böyük uğurlara imza atacaqlar.
- Qeyd etdiniz ki, yaxşı müəllim olmaq çox çətindir. Elə tələbələriniz varmı ki, onlardan yaxşı müəllim olacağını düşünürsünüz?
- Bəli, var. Tələbələrimin əksəriyyəti hazırda müəllim işləyir. Bəxşieş Mehdiyev, Rəna Qafarova belə tələbələrimdəndir. Hətta hazırda müəllim işləyən tələbələrim o qədər çoxdur ki, artıq onların işlədikləri yerlərin hamısını yadda saxlaya bilmirəm. 30 ilə yaxındır ki, müəllim işləyirəm və təqdir edərsiniz ki, artıq tələbələrimin sayı-hesabını unutmuşam.
- Muğamın indiki dövrdə inkişafı barədə nə düşünürsünüz? Sizcə, xanəndələrimiz muğamı ölkəmizdə və dünyada yetərincə təbliğ edə bilirmi?
- Muğamlarımızın təbliği haqqında çox şey demək olar. Bu və ya digər formada muğamlarımız onsuzda təbliğ olunmaqdadır. Muğamın inkişafında hər bir xanəndənin özünün qeyrəti olmalıdır. Bu sahədə təkcə müəllimlər yox, tələbələr də təşəbbüs göstərirlər. Hətta mənim tələbələrimdən biri olan, Respublikanın əməkdar artisti Nigar Şabanova keçən ilin avqust ayında Özbəkistanda keçirilən Beynəlxalq festivalda 1-ci yerə layiq görüldü. Dövlətimiz də muğamın təbliğinə xüsusi diqqət ayırır və muğamı təbliğ edən ifaçıları, müəllimləri fəxri adlara layiq görür. 2012-ci ildə mən də uzunmüddətli fəaliyyətimə görə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin və Arif Babayevin, Əlibaba Məmmədovun, Mənsum İbrahimovun dəstəyi ilə “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Respublikada 3-cü “Əməkdar müəllim”əm. Məndən sonra isə 2015-ci ildə Sərdar Bağırova bu ad verilib. Bu sahədə “Əməkdar müəllim” adını qazanmaq asan deyil. Sizin qəzetiniz vasitəsilə bir daha məni bu ada layiq gördüyü üçün cənab prezidentə təşəkkürümü bildirirəm.
- Son olaraq, xanəndəlik sənətini seçən tələbələrə nə məsləhət görərdiniz?
- Xanəndəlik sənətini seçən tələbələrə məsləhət görürəm ki, klassik ədəbiyyatımıza çox fikir versinlər. Muğamlarımızın saflığını, ənənəni qorusunlar. Muğamda yeni üslub yoxdur. Burda yenilik etmək mümkün deyil, yalnız mükəmməl ifalar etmək mümkündür. Tələbələrə tövsiyyə edirəm ki, muğamı bayağılaşdırmasınlar. Muğam aşılanmaya, bayağılaşdırılmaya uğrayanda gizlənir. O yalnız onu düzgün ifa etməyi bilənə görünür və əsl sehrini ortaya çıxarır.
Nazlı Allahverdiyeva