Nəsimi rayonunda qadınların əl çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, bu barədə zərərçəkən Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə məlumat verib. Belə ki, qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Nəsimi rayonu ərazisində daha bir qadına qarşı soyğunçuluq etdiyi və zərərçəkənin içərisində 80 manat olan çantasını əlindən aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları Ş.Heydərovun digər analoji cinayətlər törətdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsi, həmçinin 21-ci Polis Bölməsinə məlumat verə bilərlər.