Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının yeni tamaşasının 30 noyabrda Aktyorlar evində premyerası olub.
“Sevgi şimşəyi” tamaşasının 13-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında ilk nümayişi keçirilib. Ucnoqta.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır.
Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.