“Əsl yaradıcı insanın şəxsi həyatı olmur”

21:12 - 23 Noyabr 2018 - Mədəniyyət

Qabil Quliyev: “Bugünkü dramaturqlar nə Cəfər, nə Cavid, nə də Cəlil deyillər, heç onlar kimi olmağa cəhd də göstərmirlər” 

“Mən teatrın repertuarında olan 90 faiz əsərlərin ifaçısı olmuşam. Qabil Quliyev olaraq əbədi şedevr yaratmışam demirəm. Amma özümün və tamaşaçılarımın sevdiyi personajlarım olub. Oynadığım tamaşaların bəziləri Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır. Saymaqla bitməyən və özümün müəyyən qədər ümid bəslədiyim, adı hallanan obrazlar silsiləsi var. Lənkəran teatrının son 15 ildə çox gözəl fəaliyyəti olub”. Deyir ki, bir çox yerlərdə, Beynəlxalq Teatr Festivallarında iştirak ediblər. Gürcüstana, İrana, ən çox da Türkiyəyə səfərləri olub. 

“Üç nöqtə” qəzetinin qonağı Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru, Xalq artisti Qabil Quliyevdir.

- Lənkəran Dövlət Dram Teatrının adı çəkiləndə siz yada düşürsünüz. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Bu teatrda 1973-cü ilin dekabrından etibarən çalışıram. Bəlkə də bu teatrda fəaliyyətə başladığım dövrdən şəhərin, teatrın ictimai həyatında fəal iştirakım, televiziyada çəkildiyim filmlər, seriallar və tamaşalardan irəli gəlir.

- Teatra 1 illik gəlsəniz də artıq 45 ildir ki, ordasınız...
- Hələ tələbəlik illərindən müəllimim Akademik Milli Dram Teatrının  direktoru Əliheydər müəllim məni teatra işə götürmüşdü. Orda çalışdım, institutu bitirəndən sonra orduya çağırıldım. Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş bazasına düşdüm. Qayıdandan sonra Bakıda, teatrda vəziyyət çox çətin idi. Əliheydər müəllimin dünyasını dəyişməsi, müəyyən yer dəyişmələri, Bakıda yaşamaq imkanlarımın məhdud olması məni Nazirliyə getməyə məcbur etdi. Nazirlik xüsusi göndərişlə məni Lənkəran Dövlət Dram Teatrına göndərdi. Həmin vaxtı teatr yenicə açılmışdı, dekabrın 16-sı teatrda ilk tamaşa oynanılmışdı, dekabrın 20-də isə mənim əmrim verildi. Guya mən bu teatra bir illik gəlmişdim, başım teatrın işlərinə necə qarışdısa, gözümü onda açdım ki, artıq sovetlər ittifaqı da dağılıb. Və bu məsələnin üstündən xeyli illə keçib.

- Teatrdan ayrılmağı, Bakıya gəlməyi heç düşünmədinizmi? 
- Bilirsiniz, tələbəlik illərimdə Bakıda 4 il fəaliyyətim olub, hələ ondan iki il əvvəl Bakıda yaşadığım illəri demirəm. Sadəcə insan köçəri quş deyil ki, yuvası dalında olsun. İnsan harasa bağlandısa, oranı buraxıb getməsi hər halda xəyanət olardı. Buna ordu dilində fərarilik deyilir. 

- Lənkəran Teatrında hazırda vəziyyət necədir? 
- Lənkəran Dövlət Dram Teatrında vəziyyət ölkənin mövcud teatrlarında olduğu kimidir. Həm tamaşaçıya, həm kadra, həm də qoyulan tamaşaların keyfiyyətinə görə. Açıq danışsaq bu gün cəmiyyətimizin həyatını əks etdirən, ictimai mühiti düzgün və durğun göstərən əsərlər yaradılmır. Teatr dramaturgiyadır. Əgər dramaturgiya güclü, aktual olarsa, müasir dövrün tələbləri illə səsləşərsə, tamaşa da keyfiyyətli olar. Bu gün bu dramaturgiya yoxdur. Ona görə də biz yaradıcı kollektiv olaraq çox zaman xarici dramaturgiyaya müraciət etməli oluruq. Hər halda bugünkü dramaturqlar nə Cəfər, nə Cavid, nə də Cəlil deyillər. Heç onlar kimi olmağa cəhd də göstərmirlər. 

- Gənc aktyorların fəaliyyəti necə sizi qane edirmi? 
- Çox nadir hallarda. Bu da ondan irəli gəlir ki, bu gün gənc aktyorlar əvvəla ölkəmizin digər şəhərlərinə getməkdən imtina edirlər. Çünki onlar özlərini hələ tələbəlik illərindən etibarən çox böyük sənətkar hesab edirlər. Və nəticə etibarilə də biz onları nə teatrda, nə də ekranda görmürük. Başa düşə bilmirəm ki, buraxılan o qədər kadr hara gedir? Onlar diplom xətrinə gəliblərsə, gedib başqa yerlərdə oxusunlar. Axı həmin adamlar orada oxumaq şansı olan başqa istedadlı bir adamın yerini tutur. Nəticə etibarilə Azərbaycanda teatrlarda kadr qıtlığı yaranır.

- Rayonlarda teatra gələn tamaşaçılar çoxdurmu?
- Bu gün insanlar teatra gəlir. Gələcəyin tamaşaçısını formalaşdırmaq üçün bu sahədə güclü iş aparılmalıdır. Amma çox təəssüf edirəm ki, əlaqədar təşkilatlardan məktəblərə və ali təhsil müəssisələrinə elə göstərişlər verilir ki, onlar teatrla əlaqə saxlamaqda çətinlik çəkirlər. Yadımdadır, bir neçə il bundan qabaq demişdilər ki, məktəblərdə biletlər yayılmasın. Bəs bu xalqın, millətin mənəvi dəyərlərini yaşamaq üçün vətəndaş formalaşmalıdır, ya yox? Axı millət mədəniyyəti ilə tanınır. Ona görə də bu gün Mədəniyyət və Təhsil Nazirliyi birgə proqram yaxud layihə hazırlamalıdırlar. Məktəblərdə, ali məktəblərdə yaradıcı kollektivlərlə görüşlər, müasir dövrün problemlərinin həlli haqqında diskussiyalar keçirilməlidir. Gənc nəsli ədəbiyyatımızı, musiqimizi, teatrımızı sevməyə hazırlamaq lazımdır. Bu gün hər hansı maşına əyləşirsən, orda bir dənə də milli musiqimiz səslənmir. Hamısı rok, rep, caz və sairdir. Hanı mənim bəstəkar musiqilərim, hanı Ələkbər Tağıyevin, Tofiq Quliyevin mahnıları, hanı Cavanşir Quliyevin bəstələri, hanı mənim muğamım? Televizoru açıram, çox eybəcər, musiqisi olmayan, ritm əsasında adi sözlər deyilən mahnılardan başqa heç nə eşitmirəm. Nə vaxta kimi belə olacaq? Bu gün bizim canlı sənətimiz olan teatr da eyni taleyi, eyni həyatı yaşayır. Bunlar təkcə mənim düşünməyimlə həll olunacaq məsələlər deyil. Bunun üçün xüsusi adamlar, rəhbərlik var. Onlar millətin gələcəyini, milli-mənəvi taleyini düşünməlidirlər.

- Teatrın əvvəlki vaxtları ilə indikini müqayisə etdikdə nələr dəyişib?
- Sözsüz ki, zaman keçdikcə hər şey dəyişir, amma bu dəyişmələrin qütbləri var, müsbət yaxud mənfi. Bu gün müstəqil Azərbaycanda yaşayırıq. 23 aylıq ömür yaşamış müstəqil Azərbaycanın varisləriyik. Müstəqil Azərbaycanımızın mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq, onu təbliğ etmək, gənclərimizi buna kökləmək üçün bizə fundamental əsərlər lazımdır. Əgər sənətimizdə bu məsələlərə diqqət yetirməsək, gələcək nəsil manqurtluğa gedəcək, millət öz simasını itirəcək. Mənim bir sənət əsərimi hansısa muzeydə, beynəlxalq festivalda görəndə maraqlanırlar. Kiyevdə yaşayan bir dostum var. Ona internetlə Salyanlı qarmon ifaçısının bir ifasını göndərdim. Mənə yazdı ki, Azərbaycanda yəni belə ifaçılar var? Dedim, bəli. Azərbaycanın Qara Qarayevi, Tofiq Quliyevi, Tahir Salahovu və s. böyük sənətkarları var.

- Bu günə qədər ən sevdiyiniz və yadda qalan rolunuz hansı olub? 
- Mən teatrın repertuarında olan 90 faiz əsərlərin ifaçısı olmuşam. Qabil Quliyev olaraq əbədi şedevr yaratmışam demirəm. Amma özümün və tamaşaçılarımın sevdiyi personajlarım olub. Mirzə Cəlilin “Ölülər” əsərində kefli İsgəndəri, Üzeyir Hacıbəyovun felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” əsərində Mirzəni, faşizm üzərində qələbənin 30 illiyinə həsr olunmuş “Nəsillər eşidin” əsərində Kapitan Kartaşovu oynamışam. Bütün bunlar Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır. Saymaqla bitməyən və özümün müəyyən qədər ümid bəslədiyim, adı hallanan obrazlar silsiləsi var. Lənkəran teatrının son 15 ildə çox gözəl fəaliyyəti olub. Bir çox yerlərdə, Beynəlxalq Teatr Festivallarında iştirak etmişik. Gürcüstanda, İranda, ən çox da Türkiyədə səfərlərimiz olub. Bir neçə gün əvvəl kollektivimizin bir qrupunu İranın Həmədan şəhərinə Beynəlxalq Uşaq Tamaşaları Festivalına yola saldıq. Çətinliklərə baxmayaraq kollektiv işləyir. Heç kim silahını yerə qoyub gizlənmir. Amma bu gün dramaturgiya teatrımızdan çox geridə qalıb.

- Hər işin öz çətinlikləri olur, bəs sizin işinizin hansı çətinlikləri olub?
- Yaradıcılığın yolu asan olmur, yaradıcılıq bütünlükdə çətindir. Əsl yaradıcılıq itkilərlə bağlıdır, insan özünü bir çox şeylərdən məhrum etməlidir. Əsl yaradıcı insanın şəxsi həyatı olmur. Onun həyatı sənətindədir.

- Ömrünüzün yarıdan çoxunu teatra həsr etmisiniz. Bu teatr sizə nələri qazandırıb? 
- Teatr yaradıcı insandan çox şeyləri almaqla bərabər çox şey də verir. Sənət insanı mənən saflaşdırır. Söhbət bu gün özündə müştəbeh sənətkarlardan və sənətçilərdən getmir. Sənət insanı xalqına, millətinə, dövlətçiliyinə bağlayır. Sənət insanı həmişə düşünməyə vadar edir. İnsan öz mənəvi dünyasını həmişə pak, təmiz saxlamağa çalışır. Aktyor çox zaman səhnədə təbliğ etdiyini ilk növbədə özündə görməlidir, özünə tərbiyə etməlidir. Əgər mən çirkin adamamsa heç vaxt insanlara təmizlikdən söz deyə bilmərəm, çünki saxta çıxacaq. Mən bu gün düşündüklərimi, gördüklərimi sənətimin dili ilə kütləyə, tamaşaçılarıma deyə bilirəm. Amma hər insan öz düşündüyünü heç də hər zaman deyə bilmir. Bax, məni sənətə, teatra bağlayan belə şeylərdir. Teatr, sənət mənə bunu verib. 

Könül Oruc 

Xəbər xətti