Bakıda şirkətdə güclü yanğın hadisəsi baş verib.
Hadisə paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin ərazisindəki sexdə qeydə alınıb. Şirkətin çilingəri, 1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu sexdə quraşdırılan motorxanada təmir işləri apararkən motorun kamerasında qəfil yanğın baş verib.
Yanğın zamanı xəsarətlər alan A.Mustafayev dərhal Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı dünyasını dəyişib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (yanğın mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.