Cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində bədən xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.