“Ağ və qara” festivaldan uğurla qayıtdı

12:10 - 11 Oktyabr 2018 - Mədəniyyət

Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”  Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə reallaşan səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Teatr Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu bu teatr bayramında  dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşaçı ilə çıxış edib.
Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da tamaşa festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Qeyd edək ki, MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunan bu festival  V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir. 

 

Xəbər xətti