Şəmkirdə evdən xeyli miqdarda qızıl və nağd pul oğurlayan şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyən edilərək saxlanılıb. Saxlanılan Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.