İmran Verdiyev: “Bu fırçanın sehri də, gücü də onun sahibinin Vətənə, onun daşına, torpağına və bu torpağın üstündə yaşayan Vətən övladlarına olan sonsuz məhəbbətdədir”
Əşrəf İbrahimov (Əşrəf Səid İbrahim) 1941-ci ildə keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur. Atası Məmmədvəli müharibədə həlak olduğuna görə əmisi Qurban kişinin himayəsində böyümüşdür. Orta təhsilini Yaqublu kənd və Oğuz şəhər məktəblərində başa vuran Əşrəf 1964-cü ildə Bakı şəhərindəki Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən Ə. İbrahimov öz rəsmləri ilə müxtəlif sərgilərdə iştirak etmiş və uğur qazanmışdır. Onun çəkdiyi rəsmlər indi də rəsm qaleriyalarında nümayiş etdirilir, şəxsi malikanələrdə qorunaraq saxlanılır. O həmçinin bir sıra filmlərin və teatr tamaşalarının rəssamı olmuşdur. 1971-ci ildə qısa bir müddət Oğuz rayon Xalq teatrında rəssam işləmiş, 1976-cı ildə İ.Əfəndiyevin hekayəsi əsasında çəkilmiş və geoloqların fəaliyyətindən bəhs edən “Bizi dağlarda axtarın” filminin rəssamı olmuşdur. Oçerklərinin birində özünün də etiraf etdiyi kimi, çəkdiyi rəsm əsərləri onun sözlə ifadə edə bilmədiyi hissləri idi. Deyirlər ki, ilk təəssürat, uşaqlıq təəssüratı həm güclü, həm də pak və təmiz olur. 40-45 il bundan əvvəlin söhbətidir. Ə. İbrahimov kənddə kolxozun sifarişi ilə rəsm tabloları şəkirdi. Onun üçün kolxoz malikanəsində kiçik bir otaq ayırmışdılar. Tez - tez bu otağa gələr, çəkilmiş lövhələrə heyranlıqla tamaşa edərdim. O vaxt Əşrəfin fırçasını sehirli sanardım. Sonralar başa düşdüm ki, bu fırçanın sehri də, gücü də onun sahibinin Vətənə, onun daşına, torpağına və bu torpağın üstündə yaşayan Vətən övladlarına olan sonsuz məhəbbətdədir. Ə.İbrahimov Azərbaycan Yazışılar Birliyinin də üzvü idi. Yaradıcılığının əsas ilham qaynağı isə Azərbaycan, onun dilbər guşələrindən biri olan Oğuz və buranın mərdlik və müdriklik mücəssəməsi olan övladları idi. Doğma torpağa bağlılıq və təəssübkeşlik Əşrəfin bədii yaradıcılığının da ana xəttini təşkil edir.
1971-ci ildə çap olunmuş “Talelər” adlı kitabda toplanmış oçerklərdə də bunu aydın görmək mümkündür. Kitaba daxil olan “Layihələr, arzular...”, “Bizim balaca Zabitə”, “”Gözəl qızlar haqqında hekayə”, “Dənizin nəğməsi” və “Emalatxanada söhbət” oçerklərində Vətənə və xalqa qəlbən bağlı olan yaradıcı insanların fədakar əməyindən söhbət açılır. Bu qəhrəmanlar müəllifin şəxsən tanıdığı, üzbəüz oturub saatlarla söhbət etdiyi insanlardır. “Yolda” oçerkində müharibənin insanlara gətirdiyi fəlakətlər çox inandırıcı təsvir olunur. “Qumral qızunun əfsanəsi” oçerkində isə çoban həyatının bütün romantikasını duyan, yamyaşıl yamacların, diş göynədən bulaqların zümzüməsini canında yaşadan müəllif bu həyatdan real lövhələr təqdim edir. Oçerklərdəki hadisə və əhvalatların xarakterinə uyğun olaraq təsvirlərdə daxili bir lirizm, nağıl şirinliyi də vardır.
1985-ci ildə çap olunmuş povest və hekayələrdən ibarət “Bəyli kəndinin evləri” kitabı Ə.İbrahimovun bədii yaradıcılığında xüsusi yer tutur. Kitaba daxil olan “Bəyli kəndinin evləri” povesti Əşrəfin yaradıcılığında məna dolğunluğu ilə seçilr. Əslində bu povest müəllifin öz doğma kəndi haqqında, onun keçmişi və bir-birinə bənzəməyən adamları barədə yaddaşa köçmüş xatirəsinin əksidir. Burada o, hadisələrin təsvirçisi yox, iştirakçısıdır. Əsərdə təsvir olunan Bəyli kəndi dünyanın kiçicik bir parçasıdır, amma öz gözəlliyi ilə bu dünyaya meydan oxuyur. Bəylilər isə andına, inamına sədaqətli adamlardır.Qonşu baglı-bagatlı kəndlərin adamlarının dilində bu kəndin camaatının güzaranı, işi-gücü həmişə nağıla, zərb-məsələ dönmüşdür. Bütün əsər boyu kənd inkişafda təsvir edilir. İllər keçdikcə Bəyli abadlaşır, öz simasını dəyişir. Dəyişməyən Vətən, hər şəraitdə milli-mənəvi simasını qoruyub saxlayan vətən övladları və müəllifin onlara olan sonsuz məhəbbətidir.
Povestdə yaradılmış usta Abbas obrazı ilə Ə.İbrahimov doğma el-obasında yaşayanların xarakterini ümumiləşdirmişdir. Usta Abbasın yaşadığı hisslər, onun daxili aləmi bütün bəylilərə xasdır. Bəylilərin su həsrəti usta Abbasın şəxsində belə ümumiləşdirilmişdir: “Usta kəndin lap yuxarı başında – evinin qabağındakı torpaqla bərabər sal qayanı ömrü boyu oyub ki, su çıxarsın. Üç arşın çapıb, amma suya çata bilməyib. Ömrünün axırına kimi həyətdəki şabalıd ağacının dibindən qulağına su şırıltısı gəlirmiş. Özündən başqa heç kim eşitməyib bu səsi.” Təsirli və gözəl ümumiləşdirmədir. Çünki bəylilər ömür boyu su həsrəti ilə yaşamışlar, su burada kənd bina olandan bir nömrəli problem olmuşdur. Əsərdəki obrazların xarakterində ümumi cizgilərlə yanaşı onları fərqləndirən fərdi keyfiyyətlər də vardır. Buna görə də əsərdəki mühasib Ağbaş Müslüm, briqadir Səməd, dəllək Nəsir, çayçı Cəlil, Süleyman, Yetər, Səbinə və digər surətlər öz fərdi xüsusiyyətləri ilə bir-birindən seçilir, bitkin obrazlar kimi yadda qalırlar.
Bu mənada kitaba daxil olan ikinci povestin – “Qan pulu” povestinin qəhrəmanları da müstəsnalıq təşkil etmirlər. Əsərdə qeyrətli həmyerlilərimizin prototipləri yaradılmışdır. Povestin qəhrəmanı Kərəm müharibəyə gedən oğlanlarının da ailəsinə baxan qoca və xəstə Qurban kişinin ömrü boyu ilmələrinə tamaşa etməkdən doymadığı xalçanı ehtiyac ucbatından bazarda dəyər-dəyməzə dəlallara satmasına dözmür. O, müharibəyə gedən “həmin iki şümal oğlanın” gülüşlərinin hopub qaldığı bu xalçanı öz pulu ilə geri alıb dünyasını dəyişmiş Qurban kişinin ailəsinə qaytarır. Bu epizod M.Cəlalın “Bir gəncin manifesti” romanındakı məlum epizodu xatırladır. Burada əsgər ailəsinə diqqət və qayğının, milli mədəniyyət nümunələrimizin təəssübünü çəkməyin gözəl nümunəsi ilə rastlaşırıq.
Ə.İbrahimov “Bəyli kəndinin evləri” kitabına daxil olan hekayələrdə də obrazların daxili aləmini psixoloji cəhətdən dolğunluğu ilə açmağa çalışır və buna nail olur. Bunu “Gecikmiş məhəbbət” və “Dəyirman yolunda” hekayələrində də aydın görmək mümkündür. Hekayələrin baş qəhrəmanları Rəhilə və İbrahim kişi gözümüz qarşısında bütöv xarakterə malik obrazlar kimi canlanırlar. Oxucu qəhrəmanların keçirdiyi hisslərin səmimiliyinə inanır , onların hərəkətlərinə bəraət qazandırır.
Əşrəfin yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən biri də onun yaratdığı qəhrəmanların çoxunun peşə etibarı ilə rəssam, memar və heykəltaraş olmasıdır. Bu Ə.İbrahimovun ilk və sevimli peşəsi olan rəssamlığa və incəsənətin bu növlərinə qəlbən bağlılığı ilə əlaqədardır. “Keçmişdən gəlmiş qoca”, “Pirosman”, “Şamaxının qonağı” hekayələrinin baş qəhrəmanlarının rəssam, “Bəyli kəndinin evləri” povestinin və “Layihələr, arzular...” oçerkinin qəhrəmanları Süleyman, Səbinə və Məmmədin memar, “Emalatxanada söhbət” oçerkinin qəhrəmanı Hamletin heykəltaraş olması da incəsənətə olan sevginin nəticəsirdir.
Bu sevgini biz Ə.İbrahimovun 1990-cı ildə çap olunmuş dünyanın görkəmli rəssamlarının həyatından bəhs edən “Qəribə talelər” adlı sənədli hekayələr kitabında da görə bilərik. Görkəmli alim A.Məmmədov kitaba yazdığı ön sözdə deyir: “Əşrəf öz hekayələrində bu və ya başqa bir sənətkar ömrünün oxunaqlı, illüstrativ və publisistik izahından, təsvirindən daha çox həmin ömrün sənət özülünə, mənəvi qida mənbəyinə can atır.... Ən başlıcası bu hekayələrin hər birində bütün güc və enerjisini insanlara təmənnasız xidmətə sərf edən dahi sənətkarların ömrünə də, yaradıcılığına da əbədi hörmət və minnətdarlıq hissi aparıcı rol oynayır...”
1992-ci ildə Əşrəfin “Əşrəf Səid İbrahim” imzası ilə Təbriz miniatür məktəbinin yaradıcısı Sultan Məhəmmədə həsr olunmuş “Sultan Məhəmməd” romanı çap olunmuşdur. Bu roman uzun illər Yaqublu məktəbinə direktorluq etmiş, kəndin və rayonun ictimai-siyasi həyatında fəal rol oynamış müəllim H. Qurbanova ithaf olunmuşdu. Birinci kitab iki hissədən ibarətdir. Birinci hissədə XVI əsrin ilk illərində Azərbaycanda baş vermiş siyasi hadisələr fonunda rəssamın uşaqlıq və gənclik illərindən, yaradıcıl mühitə gəlişindən, ikinci hissədə isə onun Təhmasib sarayının aparıcı sənətkarlarından biri kimi formalaşmasından bəhs olunur.
Romanda Sultan Məhəmmədin simasında yeni Təbriz miniatür məktəbinin yaranmasından, inkişafından və Şərq sənəti konteksində böyük tarixi hadisəyə çevrilməsindən də söhbət açılır.
BDU-nun jurnalistika fakültəsinin məzunu (1971) olan Ə.İbrahimov həm də tanınmış jurnalist və naşir idi. (Azərbaycan Jurnalistlər İttifaqının da üzvü olmuşdur.) Bir müddət Azərbaycan radiosunun “Gənclər” redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzetində müxbir vəzifələrində işləmişdir. 1990-ci ildən nəşr olunan “İncəsənət” qəzetinin naşiri və redaktoru olmuşdur. Onun yaradıcılığında publisistika da geniş yer tutur. Ə.İbrahimovun publisistikası öz istiqaməti, ideya, dil və üslub özünəməxsusluğu ilə diqqəti çəkir. Burada düşüncə tərzi, uslub, dünyabaxışı, həyata, insanlara münasibət son dərəcə orjinaldır. Həmin əsərlərdə aparıcı mövzular azərbaycançılıq, müstəqillik və Qarabağ hadisələridir. Bu baxımdan Əşrəfin sənədlərə, şahidlərin ifadələrinə əsasən qələmə alınmış digər məqalələri ilə yanaşı, “Şahid şəhidlər haqqında” yazısı maraqlıdır . Burada oxuyuruq: “Qarabağ uğrunda mübarizənin əsas faktoru kimi verdiyimiz şəhidlərin, bütünlükdə imperiya qurbanlarının qanı hədər getməyəcək. Bunlar zaman-zaman xalqımızın silinməz yaddaşına çevriləcək, həmişə Azərbaycanın müstəqillik rəmzi kimi yaşayacaq”. Bu yazı gələcək nəsillər üçün yaddaş, yaşanan tarix haqqında məlumat qoyub getmək istəyi ilə qələmə alınmışdır.
Ə.İbrahimovun ayrı-ayrı sənət adamları və onların əsərləri, respublikamızın içtimai-siyasi və mədəni həyatı, Oğuz rayonunun sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərdən bəhs edən məqalələri də xüsusi maraq doğurur.
İmran Verdiyev,
Oğuz rayonundakı T.Babayev adına tam orta məktəbin direktoru, əməkdar müəllim