Azərbaycan Xalça Muzeyi Rusiya Federasiyasının ən böyük və ən zəngin kolleksiyaya malik muzeylərindən biri olan, Sankt Peterburq şəhərində yerləşən Federal Dövlət Mədəniyyət Büdcə İdarəsinin Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb.
Belə ki, niyyət protokoluna uyğun olaraq, növbəti beş il ərzində muzeylər arasında elmi-tədqiqat işi, iş təcrübəsi mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında məlumatların, elmi-metodiki ədəbiyyatın mübadiləsi sahələrində sıx əməkdaşlıq nəzərdə tutulur. Həmçinin sözügedən muzeyin çox zəngin eksponatları içərisində Azərbaycan tarixi, tətbiqi incəsənət, xalçaçılıq sənəti, ümumiyyətlə, mədəniyyətimiz üçün vacib və əhəmiyyətli olan xeyli sayda nümunələr mövcuddur. Həmin eksponatların atribusiyası, sərgilərin təşkili, birgə kataloqların nəşri də nəzərdə tutulur.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, Rusiya muzeyləri ilə Xalça Muzeyi arasındakı intensiv əlaqələr getdikcə daha da genişlənir. Bunun nəticəsində bir sıra qarşılıqlı yeni birgə layihələrin həyata keçirilməsi muzeylər arasında əməkdaşlığı möhkəmləndirəcək.
“Biz çalışırıq ki, dünyanın bütün muzeylərində, o cümlədən Avropada və Rusiya muzeylərində Azərbaycan mədəniyyətinə və incəsənətinə aid olan dəyərli eksponatlar, həmçinin xalçaslarımız Azərbaycanm mədəni irsinin nümunələri kimi təqdim olunsun. Bu, bizim mədəniyyətimizin xaricdə təbliği baxımından çox vacibdir” - deyə muzeyin direktoru vurğulayıb.