Kuklaçılar 1 iyunu yaddaqalan edəcəklər
16:44 - 30 May 2018 - Mədəniyyət
Zəngin repertuarı ilə uşaqların sevimli məkanına çevrilən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial layihələrdə aktiv iştirakı ilə də daim diqqət mərkəzindədir.
Bu mənada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününü kuklaçılar balacalar üçün unudulmaz etməyə çalışacaqlar. Belə ki, bu il də günü bayram ovqatına kökləmək istəyən yaradıcı heyət onların qarşısına 3 seans tamaşa və müxtəlif məkanlarda reallaşacaq tədbirlərdə iştirakla çıxacaqlar.
Uşaqlar 1 iyunda teatrın səhnəsində baxımlı tamaşalardan olan Ə. Orucun “Zınqırovlu pişik” (saat 12:00) və T. Ağayevin “Qoçaq Əhməd” (saat 16: 00, rus bölməsi) tamaşalarını izləyəcəklər. Bundan başqa, teatrın təşkilatçılığı ilə Əskər Ailələrinə Dəstək İctimai Birliyinin “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində şəhid, Qarabağ müharibəsi veteranları və əlillərinin övladları üçün ayrıca tədbir-tamaşa (saat 14:00) oynanılacaq.
İyunun 1-də kuklaçılarla yanaşı teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktyor-ifaçıları da həmyaşıdları qarşısında çıxışlar edəcəklər. Onların rəngarəng ifalarını görmək istəyənlər iyunun 1-i saat 18:00-da yollarını Park Bulvar AVM-dən sala bilərlər. “Oyuq”çular iyunun 3-də isə Uşaqların Beynəlxalq Müdafiəsi günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Vətən bizə əmanət” adlı tədbirdə zəngin proqramla çıxış edəcəklər.