Mayın 15-də ADGTT-da Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” monotamaşası oynanıldı.
Ucnoqta.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley ad günündə öz monotamaşası ilə sənətsevərlərin görüşünə gələn aktrisa müasir dövrlə səsləşən dinamik və maraqlı səhnə əsərini təqdim etdi. Səhnə əsərinin quruluşçu rejisssoru aktrisanın həyat yoldaşı, Xalq artisti, rejissor Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxt. O, gah gülür gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir.
Uzun illərdir ADGTT-da çalışan aktrisa öz ad gününü sevimli kollektivi və tamaşaçıları ilə birlikdə qeyd etdi. Böyük alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun adından aktrisaya təbrik ünvanlandı və gül dəstəsi təqdim edildi.
Tamaşanın rejissoru Xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır.