Xalça Muzeyindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.
“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.
Tədbirə çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir. “Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir” – deyə o, vurğulayıb.