Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin Lənkəran Regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, bu il aprelin 28-də Biləsuvar RPŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Bagəliyev Aerodrom adlanan ərazidə saxlanılıb və ondan 98,152 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı onun narkotik vasitəni Cəlilabad rayonunun Xanəgah kəndində yaşayan Elnur Quliyevdən aldığı müəyyən edilib. Həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 5,343 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.