Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.
Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmişə gənclərin dünyagörüşlü, elmli yetişməsi üçün hər cür şərait yaradıb. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərirdi. Bu gün də Ulu Öndərin bu siyasəti Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənc universitet olan Bakı Mühəndislik Universiteti bu il ikincisini təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkədən 1320 material qəbul olunmuş bunlardan 700 konfransın tələblərinə uyğun olaraq seçilmiş və iki dildə çap olunub.
İş dünyası ilə sıx əmədkaşlıq edən BMU –nun təşkil etdiyi konfransda ölkəmizin öndə gedən şirkətlərinin də nümayəndələri iştirak edir.
Konfrans daha sonra plenar iclaslarla öz işini davam edib.