“Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər”
Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı durmadan artmaqda davam edir. Əfsuslar olsun ki, gündəlik həyatımızda və mətbuatda ən çox rastlaşdığımız xəbərlərdən biri də qadınların kişilər tərəfindən döyülməsi, öldürülməsi və fiziki zorakılığa məruz qalmasıdır. Bəzi qadınlar polisə müraciət etsələr də, bəziləri susub gizlətməyə çalışırlar. Bəs görəsən qadınlarımız hansı hüquqlarından xəbərsizdirlər?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirdi ki, zərif cinsin nümayəndəsi olan qadınlara qarşı zorakılıq hallarına bizim cəmiyyətimizdə də təsadüf olunur: “Bu cür xoşagəlməz hallarla mübarizə ölkəmizdə bununla bağlı nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmasına gətirib çıxarsa da problem mövcud olmaqdadır. Qeyd olunan məsələ ilə bağlı ölkəmizdə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq hüquqi dövlət quruculuğu sahəsində aparılmaqda olan uğurlu islahatların fonunda çox əhəmiyyətli qanunlar və digər normativ aktlar qəbul olunmuş, bir çox beynəlxalq sənədlər imzalanmışdır”.
X.Bəşirov dedi ki, ilk öncə onu qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş konstitusiyamızın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir: “Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bundan başqa konstitusiyanın 34-cü maddəsinin məzmununa əsasən ər ilə arvadın hüquqları bərabərdir. Bu siyasətin məntiqi davamı kimi onu da vurğulamaq lazımdır ki, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanuna əsasən gender bərabərliyi dedikdə, qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti başa düşülür. Gender bərabərliyinin təminatları haqqında qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağan olunur”.
Vəkil qeyd etdi ki, qadınlara qarşı həm ailədə həm də cəmiyyətin digər müstəvilərində baş verən zorakılıq hallarının müəyyənləşdirilməsi və bunlarla bağlı mübarizənin qanuniləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu qeyd etmək olar: “Həmin qanuna görə məişət zorakılığı, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması anlamına gəlir. Bu zorakılıq müxtəlif mənalarda başa mövcud ola bilər, məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və s”.
Vəkilin sözlərinə görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna, eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən zərərçəkən qismində qadınlara qarşı hər hansı cinayət xarakterli əmələ yol verilməsi təsdiqini taparsa təbii ki, buna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün qanuna uyğun tədbirlər görülür: “Bundan başqa qanuna görə məişət zorakılığından əziyyət çəkən şəxslərə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi hərəkətləri qadağan edilə bilər. Uzunmüddətli mühafizə orderi ilə isə müvafiq zorakılıq hərəkətlərinə yol vermiş şəxslərə münasibətdə qeyd olunan qadağalarla yanaşı əlavə olaraq, məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri, mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat nəzərdə tutula bilər”.
Vəkil qeyd etdi ki, məişət zorakılığından zərərçəkmiş qadınlar bununla bağlı müraciət etdikləri təqdirdə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər: “Müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır”.
Könül Əhmədova