Rəhman Quliyev: “Şirkətin sayı 2400 ola bilər, əsas məsələ normal servis göstərməkdədir”
“Bu ilin 9 ayı ərzində Azərbaycanda daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər olub”. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. O qeyd edib ki, bu il ərzində Azərbaycana 2 milyon 271 min xarici vətəndaş gəlib. Gələn turistlərin sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə müşahidə olunub. Onun sözlərinə görə, bu ilin yay aylarında daxili turizm sahəsində 20 faiz artım olub. Yalnız iyun-avqust aylarında regionlarda 860 min nəfər istirahət edib. N.Səmədov əlavə edib ki, Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb: "Ölkədə 1441 turizm şirkəti qeydiyyatdan keçib". N.Səmədovun açıqlamasında diqqətçəkən məqamlardan biri turizm şirkətlərinin sayındakı artımdır. Bu artım nə ilə əlaqəlidir? Keyfiyyət nə dərəcədə təmin olunur? Mövzu ilə bağlı açıqlama verən "Luna Travel” turizm agentliyinin rəhbəri Rəhman Quliyev bildirdi ki, bu artıma əsas səbəb bir çox sahələrdə lisenziyaların ləğv olunmasıdır: “Bu rəqəmlər məni bir az çaşdırır. İyirmi gün bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin tədbirində nazir Əbülfəz Qarayev qeyd edib ki, təxminən 730 civarında turizm şirkəti mövcuddur. Amma bu gün məlum olur ki, onların sayı daha çox imiş. Cənab Prezidentin 2015-ci ilin dekabr ayında verdiyi sərəncama uyğun olaraq lisenziyalar ləğv olundu. Bu, iş yerlərinin açılması və daha da genişləndirilməsi, insanların sosial rifahının yaxşılaşdırılması üçün atılan addım idi. Bu addım iş adamları tərəfindən rəğbətlə alqışlandı. Amma bu o demək deyil ki, lisenziyaların yığışdırılması ayrı-ayrı işbazların sui-istifadəsinə düşməlidir. Kiçik firmaların nə üçün yarandığını və onların aqibətini bilmək olmur. Həmin firmanın açılmasının, firmanın xaricə keçməsinin asanlaşması, birbaşa şirkətlərin yaranmasının artmasına səbəb olur”.
R.Quliyevin sözlərinə görə, şirkətlərin çoxalması həm də səriştəsiz işçilərin və əməkdaşların meydana gəlməsinə şərait yaradır. Bunların da zərərini bilavasitə əhali görür: “Ona görə də, insanlara tövsiyyə edirəm ki, tanımadıqları, sosial şəbəkələrdə tərif olunmuş qiymətlərə uyub həmin şirkətlərin arxasınca getməsinlər. İldə ən çoxu 2-3 dəfə gəzməyə gedirlər. O qədər vaxt tapıb gedirlərsə, zəhmət çəkib yarım saat vaxt ayırıb normal bir ofisə, turizm şirkətinə yaxınlaşsınlar, orada şirkətin özü ilə, onun sertfikatları ilə tanış olsunlar, ödənilmiş pulun ödəniş çeklərini tələb eləsinlər. Yəni bunların hamısı şərtdir. Sosial şəbəkədə hansısa bir firmada 4-5 manat ucuz qiymət görüb, onun arxasınca gedib aldanacaqsa, artıq onun özü günahkardır. O şirkətin marketinq siyasəti ilə maraqlansınlar. Marketinq siyasəti onsuz da istər-istəməz özünü göstərəcək. Bu halda əhali də çaşqınlıq içərisində qalmaz, istədiyi sifarişi əldə edə bilər”.
R.Quliyev qeyd etdi ki, şirkətin sayı 2400 də ola bilər, əsas məsələ normal servis göstərməkdədir. Bunun üçün də, hər firmada kifayət qədər təcrübəsi olan işçi lazımdır: “Heç olmasa, açılan şirkətləri yoxlamaq lazımdır. Hər şirkətdə ən azından 5 il iş təcrübəsi olan bir işçi olmalıdır. Əgər bu şirkət təzə yaranıbsa, deməli, nə şirkətin müdirinin, nə də onun götürdüyü işçilərin bu işdən başı çıxır. Sonda insanlara gələnə də, gedənə də, xaricdən gələn qonaqlara da bileti səhv satırlar. Adamlar gedib aeroportda qalır. Nə düzgün istədiyi vaxta, tarixə bilet yazırlar, nə normal otelə göndərirlər”.
R.Quliyev əlavə etdi ki, çox yaxşı olardı ki, bu sahədə pulsuz və könüllülər üçün treninqlər keçirilsin: “Şəxsən mən hazıram, treninq vaxtı təyin edək, qruplar şəklində baş tutsun, hər qrup haradasa 20-30 nəfərdən ibarət olsun. Bu sektoru, müəyyən qədər işin məğzini başa salmaq üçün keçirilsin. Bu sahəni daha da təkmilləşdirmək üçün xarici dövlətlərin təcrübəsindən istifadə etmək olar. Bunu təkcə turizm şirkətləri üçün demirəm. İstər turizm şirkətləri olsun, istərsə də otellər. Bunları təşkil etmək lazımdır. Məsələn, Türkiyəyə böyük tur şirkətlərinə, treninqlərə, otellərə göndərmək olar. Bu şəkildə nələrsə əldə etmiş olarıq. Düşünürəm ki, bu, pis fikir deyil. Bu gün hansısa bir sahə üzrə dilimizi təkmilləşdirmək üçün tələbələrimizi xaricə göndəririksə, turizm sektorunda da əməyimizi təkmilləşdirə bilərik. Burada qınanılacaq və çətin bir şey yoxdur. Çox otellərimizdə və turizm şirkətlərində marketinq səviyyəsi çox aşağıdır. Bunu qaldırmaq üçün təcrübəmizi təkmilləşdirməliyik. Niyə bunun üçün inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanmamalıyıq? Bu, qarşılıqlı mübadilədir. Bu gün biz onlara bu sahə üzrə müraciət ediriksə, onlar da bizə başqa bir sahə üzrə müraciət edirlər”.
Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov bildirdi ki, Azərbaycanda son 10 ildə turizm sektorunun inkişafı, son 2-3 ildə ölkəmizə gələn turist axınının güclənməsi həm sahibkarların, həm də insanların turizmə marağını artırıb: “Bu nöqteyi-nəzərdən istər-istəməz ölkəyə gələn insanlarda bu sahəyə iş ehtiyacının çoxalması və eyni zamanda Azərbaycanda lisenziyaların ləğv olunması, turizm şirkətlərinin artmasında bir istiqamət olub. Sadəcə bu şirkətlərin, mehmanxana şəbəkələri, turizm və digər xidmət sahələrində yerlərin sayı hər keçən gün, xüsusilə də, son üç aylıq dövrdə artım göstərməkdədir. Bunun da təbii olaraq səbəbi, Azərbaycanda qeyri-neft sektorunda inkişaf edən turizm sektorunun vacibliyi vadar edir ki, turizm sektoru güclənsin”.
R.Səfərovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi və digər turizm şöbələri bu şirkətlərin xidmətlərinə yoxlamalar vasitəsi ilə diqqət göstərir: “Müəyyən nisbətdə nöqsanlar ortaya çıxır. Lakin, maksimum şəkildə çalışmaq lazımdır ki, kefiyyət qorunmaqla bu şirkətlər fəaliyyət göstərsinlər. Turizm sektoru elə bir sahədir ki, bura da müştəri məmnuniyyəti yüksək olmalıdır. Bu nöqteyi-nəzərdən də açılan şirkətlər də, xarici şirkətlərlə effektli və düzgün işləməlidirlər ki, turizm sektorunun davamlılığını təmin edə bilsinlər”.
Könül Əhmədova