Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası aprel ayının 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.
Bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. Bu yeniliyə isə ADGGT-ı imza atıb. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yeniliyi aktyorumuz belə izah edib: “Düşünürəm ki, Nikolay Vasilyeviç Qoqolun yaradıcılığını hər kəs bilir və əsərin süjet xətti hamıya çox yaxşı məlumdur”.
Festival yekunlaşmamış artıq ilk mükafatçı məlum olub. Festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.
Bu gün isə festivalın digər nominasiyalar üzrə qalibləri müəyyənləşəcək.
Məlumat üçün bildirək ki, 17-25 aprel tarixlərində baş tutan “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalı İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Festivalda teatrımızla yanaşı, “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak ediblər.
Festival çərçivəsində 9 gün ərzində N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış 10 səhnə əsəri nümayiş etdirilib.