“Hamı istəyir ki, bu nağılı, filmi davam etdirək. Optimistəm, düşünürəm ki, bunu bacararıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsindəki uğurlu nəticələrdən sonra 47 yaşlı çalışdırıcı Azərbaycanla yanaşı, Xorvatiyada da gündəmdən düşmür.
Ölkəsinin mətbuatına müsahibə verən Prosineçki maraqlı fikirlər səsləndirib: “Uğurlu seriyanı növbəti ayda da davam etdirməyi arzulayıram. Artıq futbolçular özlərinə tam əmindirlər. Bizdən asılı olan hər şeyi edəcəyik. Azərbaycan futbol ölkəsi deyil. Amma onlar idmanda işləməyi, nəticə verməyi bacarırlar. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanıblar. Uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan tarixi nəticəyə imza atmaq üçün yaxşı şans əldə edib. Bir balaca eyforiya var. Bu, həm yaxşıdı, həm də pis. Bundan sonra hər hansı rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” demələrini istəyirəm”.
İki qız atası olan Robert Prosineçkinin böyük övladı hazırda babası və nənəsi ilə birlikdə Zaqrebdə yaşayır, orda təhsil alır. Həyat yoldaşı və kiçik qızı isə Prosineçki ilə birlikdə həyatlarını Bakıda davam etdirirlər.
Azərbaycanda yaşamaqdan məmnun olan Prosineçki sözlərinə belə əlavə edib: “Bakı əla şəhərdi, hər gün tikinti işləri gedir. Burda yaşamaq təhlükəsizdi, cinayət hadisələri az baş verir. Yaxşı məktəblər var. Çox olmasa da, Bakıda xorvatlar yaşayır. Mənə başqa nə lazımdı? Azərbaycandakı həyata alışmışam. Burda yaxşı işləməyimiz üçün hər cür şərait yaradılıb. Stadionlar, infrastruktur əla səviyyədədi. Üzərimdə təzyiq hiss etmirəm. İşləməyimə mane olan yoxdu”.
Futbolçu karyerasına da toxunan Prosineçki həmin vaxtdan siqaret çəkdiyini etiraf edib: “Futbolçu karyeramda da həddindən artıq peşəkar olmuşam və futbolu çox sevmişəm. Haqqımda yayılan bəzi məlumatlar yalandı. Çıxış etdiyim heç bir klubda problemli oyunçu olmamışam. Əgər belə olmasaydım, “Real” və “Barselona” kimi klublarda çıxış etməzdim. Yalnız bir çatışmazlığım var idi, gizlətmirəm, o da siqaret çəkməyim idi”.
Təcrübəli çalışdırıcı gələcəkdə Xorvatiya klublarında işləmək istəmədiyini bildirib: “Zaqrebə gələndə öz ətrafım var, onlarla görüşürəm. Həmin şəxslər futbola bağlı adamlar deyillər. Xorvatiya klublarında işləmək istəmirəm. Çünki onların şansı yoxdu”.