"Belarus liderinin Avropa Olimpiya Komitələrinin 45-ci Baş Assambleyasındakı çıxışı çox güclü təəssürat yaratdı. Bunlar cəsarətli və kişiyana fikirlər idi. Onun EOC prezidenti Patrik Hikkiyə dəstək məqsədilə səsləndirdiyi fikirlər də dəyərlidir. Çünki hamı susur. EOC rəsmilərindən heç kim bir söz demir. Amma Lukaşenko yüksək və qəti mövqe ortaya qoydu. Hazırda idmanda baş verənlər olimpiya ideologiyasına ziddir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev hazırda EOC-un Minskdə keçirilən 45-ci Baş Assambleyası barədə danışarkən deyib. O bildirib ki, özü və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Avropa Oyunları estafetinin Minskə verilməsi barədə də danışılıb: "Biz Belarus liderini əmin etdik ki, Minskə istənilən dəstəyi verəcəyik. Hazırkı şəraitdə Avropa Oyunlarına ev sahibliyini öz üzərinə götürmək cəsarətli addımdır. Bu gün Lukaşenko önəmli fikir səsləndirdi: "Növbəti Oyunlar insanlar üçün olmalıdır. Belaruslular qonaqları can-başla qəbul edəcəklər". Qeyd etmək istərdim ki, dünya və Avropa çempionatları, olimpiada kimi bir çox turnir üçün məhz ürək çatmır. Düzdür, bu yarışlara çoxlu vəsait sərf olunur, amma səmimi dostluq, qonaqpərvərlik get-gedə azalır".
A.Abiyevin sözlərinə görə, Oyunların keçirildiyi müddətdə Azərbaycan standartlarına istiqamətləniblər: "Dünyada bir çoxları yarışların küçirilməsində beynəlxalq standartlardan danışır. Şadam ki, indi bütün dünya bizim - Azərbaycan və Belarusun beynəlxalq yarışları neçə keçirdiyimizi görə biləcək. Belarusda tez-tez oluram və burada necə işləməyi bacardıqlarını bilirəm. Ölkələrimiz həm ideoloji, həm metodiki, həm də praktiki olaraq, turnirlərin keçirilməsində asdırlar".
MOK rəsmisi Minskdə dövlətin idmana hansı dəstəyi göstərdiyinə şahidlik etdiklərini və bunun vacibliyini yaxşı anladıqlarını vurğulayıb: "Məsələn, biz Bakıda ilk Avropa Oyunlarını keçirdikdən sonra olimpiada da təşkil etməyə hazırıq. Bunun üçün bütün infrastrukturumuz, təcrübəmiz var. Könüllülüyün inkişafı istiqamətində çox böyük addım atmışıq. Bunadək Bakı kifayət qədər böyük tədbirlər, məsələn, "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi keçirib. Amma məhz Avropa Oyunları bizə yüzlərlə gənc volontyor hazırlamaqda kömək etdi. Bu, istənilən ölkə üçün unikal təcrübədir. Biz də işgüzar mübadiləyə hazırıq. Belarusluların uğuru - bizim uğurumuzdur!"
Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək.