Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdilər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə ediblər.