Londonda bu gün BMT-nin sülhməramlı missiyalarında iştirak edən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq.
Bu barədə RİA-Novosti məlumat yayıb.
Görüşün gedişatında dörd plenar iclas keçiriləcək: “Qadınlar, sülh və təhlükəsizlik”, “Sülhməramlı əməliyyatlara qədər və sonra”, “Seksual istismar və zorakılıqla mübarizə”, “Sülhməramlılığın effektivliyinin artırılması: qüvvələrin yerləşdirilməsi”.
Forum çərçivəsində bir neçə ikitərəfli görüş keçiriləcək. Məsələn, ABŞ-ın müdafiə naziri Eşton Karter daha öncə Türkiyə, Ukrayna və İsraildən olan tərəfdaşları ilə danışıqlar aparacağını bildirmişdi.
Ümumilikdə konfransda 80 ölkənin nümayəndəsi iştirak edəcək. Rusiya danışıqlarda iştirak etməyəcək.
Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da sammitdə iştirak edəcək.