İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb

11:17 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, layihə üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1 848 nəfər müraciət edib. Onlardan 1 042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsini (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkili və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 7–12 sentyabrda (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanan “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.

Xəbər xətti