Sentyabrın 5-də Şirvan şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə tələbə adını qazanmış məzunlarla görüş keçirildi. Məzunlarla görüşdə RİH-nin başçısı Mərdan Camalov, Milli Məclisin Şirvan şəhərindən seçilmiş deputatı Rafael Cəbrayılov, digər rəsmi şəxslər və rayon ictimaiyyəti iştirak etdi. Şirvan şəhər təhsil şöbəsinin müdir əvəzi Rövşən Allahverdiyev Ucnoqta.az-a məlumat verərək bildirdi ki, 2015-2016-cı tədris ili ərzində 708 məzun buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək atesstat almışdır ki, bunlardan da ali məktəblərin qəbul imtahanlarında iştirak etmiş 410 nəfərdən 236 nəfəri tələbə adını qazanmışdır. Bu nəticənin isə ötən illə müqayisədə 7% daha yaxşı göstərici olduğunu bildirdi. Çıxış edən müəllimlər, tələbələr və valideynlər təhsilə olan diqqət və qayğıdan danışdılar. Qeyd etdilər ki, ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi xüsusi qayğının nəticəsində hər il Şirvan gəncləri daha yaxşı nəticə göstərərək yüksək bal toplayıb ali məktəblərə qəbul olurlar.
Sonra çıxış edən RİH-nin başçısı Mərdan Camalov və Milli Məclisin deputatı Rafael Cəbrayılov tələbə adını qazanmış bütün məzunları təbrik etdilər. Onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladılar.
Tədbir zamanı tələbə adını qazanmış bütün məzunlara RİH tərəfindən mükafatlar təqdim edildi. Eyni zamanda Milli Məclisin deputatı Rafael Cəbrayılov tərəfindən Şirvan şəhər 10 saylı tam orta məktəbi qızıl medalla bitirmiş Cəlilova Nəzrinə nootbuk hədiyyə olundu.
Daha sonra tədbirin bədii hissəsi başladı. Konsert proqramı ilə davam edən bədii hissədə tanınmış incənət nümayəndələri çıxış etdilər.