Yeni dərs ilinin başlaması tələbatı artırıb və qiymətlərdə xeyli artım müşahidə edilir.
Əgər kirayə evə çıxmaq haqda düşünürsünüzsə, əmin olun ki, bunun üçün sentyabr ayı ən uğursuz seçimdir. Çünki avqustun sonlarından etibarən mənzillər paytaxtda kirayə bazarının əsas müştəriləri olan tələbələr tərəfindən tutulmağa başlayır.
Bu barədə “Qafqazinfo” xəbər verir.
Hələ bu ilin iyununda daşınmaz əmlakla bağlı elan saytları kirayə mənzillərin qiymətinin 50%-ə qədər ucuzlaşdığını bildirmişdi.
Hətta Bakının mərkəzi hissələrində kirayə mənzillər daha çox ucuzlaşmışdı. Belə ki, “28 May”da 350 manatlıq evlər 220 manata, Yasamal, Gənclik, Elmlər Metrosu və Nərimanov rayonu hissələrində isə əvvəl 500 manata kirayə verilən 2 otaqlı mənzilləri 280 manata düşmüşdü.
Mərkəzdə yerləşən bir neçə daşınmaz əmlak ofisi ilə əlaqə saxlanıb. Məlum olub ki, ötən aylara nisbətən hazırda kirayə ev qiymətlərində xeyli artım var.
Xüsusilə də “Nərimanov”, “Gənclik”, “28 May” və digər mərkəzi metro stansiyalarının yaxınlığındakı evlərdə artım müşahidə edilir. Maklerlər bunun əsas səbəbini isə yeni dərs ilinin başlaması ilə əlaqələndirir:
“2 ay əvvələ kimi xeyli ev var idi. Hazırda tələbələr bütün evləri tutub. Tələbat olduğu üçün də ev sahibləri qiymətləri qaldırıb. “Gənclik” metro stansiyasının yaxınlığında 300 manata normal 2 otaqlı ev tapmaq olurdusa, indi bu qiymət olub 400-450 manat. Hazırda heç tələbələrə belə ev çatdırmaq olmur. Bu gün boşalan ev elə bu gün də tutulur”.
Maklerlərin sözünə görə, kirayə evlərin sayının azalmasına digər bir səbəb isə paytaxtın müxtəlif rayonlarında gedən söküntü işləridir. Həmin ərazilərdən kirayə çıxarılan vətəndaşlar daha çox mərkəzi hissələrdə ev axtarır:
“Hazırda ailə və tələbə qızlara ev tapmaq nisbətən asandır. Ancaq dərslərin başlanmasına çox qısa vaxt qalsa da, heç kim oğlan tələbələrə ev vermək istəmir. Heç olmasa, onlara yataqxanalarda yer verilsəydi, daha rahat olardılar”.