"Lənkəran rayonunun Daşdatük kəndində baş verən kütləvi zəhərlənmə kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış sularının qarışması nəticəsində baş verib".
Bunu "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
İ.Abdullayev hazırda hadisə ilə əlaqədar Lənkərana getdiyini və zəhərlənmənin nədən baş verdiyini aydınlaşdırdıqlarıbı bildirib: "Baş verən hadisə zəhərlənmədən çox xəstələnmədir. Onlarda yoluxucu xəstəliklərin əlamətləri var. Vaxtilə kəndə bulaqdan su çəkilib. Quraqlıq olduğundan həmin bulağa əlavə mənbə kimi başqa bir yerdən də su çəkilib. Sə xətti açıq olduğundan yağışlar yağanda istifadə olunan suya əlavə sular qarışıb. Kənd sakinlərinin xəstələnməsinə də həmin suyun səbəb olduğu ehtimal olunur. Hazırda nümunələr götürülüb, tam dəqqiləşdirmə aparılır".
İ.Abdullayev onu da bildirib ki, xəstələnənlərin çoxu kiçik yaşlı uşaqlardır: "Onlar suyu çiy şəkildə içiblər".
Onun sözlərinə görə, böyüklər arasında xəstələnən az saydadır: "Ortalama 50 nəfərdə problem baş verib. Hazırda onların vəziyyəti yaxşıdır. 30-40 nəfər artıq evə buraxılacaq".
Şöbə müdiri onu da bildirib ki, başqa insanların xəstələnməməsi üçün təhlillər başa çatana kimi həmin bulaqdan su istifadə edilməsinə qadağa qoyulub. Kəndə rayon mərkəzindən avtomobillərlə içməli su gətirilir.