Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra A.Teymurova dünyasını dəyişib.
Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub. Q.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və K.Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.