Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəaliyyəti dövründə İran İslam Respublikasına iki dəfə səfər etdiyini, bu səfərlər zamanı İrandakı inkişafın şahidi olduğunu deyən M.Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə İranın daima ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlət Komitəsinin fəaliyyətindən danışan M.Qurbanlı İslam dininin sülh dini olduğunu, buna baxmayaraq, dini ləkələməyə çalışan bəzi radikal qrupların mövcudluğunu da diqqətə çatdırıb. O bildirib ki, bu cür qruplara qarşı mübarizədə Dövlət Komitəsi QMİ və bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin Azərbaycanın dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb. Möhsün Pakayin cari ilin 22-26 may tarixlərində Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına rəsmi səfərindən, xüsusən Təbriz şəhərində Azərbaycanın zəngin tolerantlıq ənənələrinin sərgiləndiyi “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin təşkil edilməsindən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib və bu əlaqələrin inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, bundan sonra da Dövlət Komitəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.