Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Taksi sürüsü Ramin Musayev ifadəsində deyib ki, təqsirləndirilən Elman Mirzəbəyovun sifarişi ilə fəaliyyət göstərib: "Mən əlavə heç nə bilmirəm. Sürücü kimi müəyyən yerlərə gedirdik".
Təqsirləndirilən Əfqan Şamxalovun Gülçiçək Cumayeva ifadə verərək, ərinin döyüşlərdə iştirak etməsindən xəbərsiz olduğunu deyib.
Məhkəmə prosesi sentyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Elbrus Əzizov, Namiq Quliyev, İlahi Əzizov, Vaqif Talıbov, Elşən İsmayılov, Babək Şirinov, Əfqan Şamxalov, Elman Mirzəbəyov və Rasim Bədəlov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.
Müəyyən edilib ki, həmin şəxslər 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.