"Ötən ayın son 11 ilin ən isti avqust ayı olduğunu demək olmaz" – ETSN

13:56 - 5 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin yay fəslinin yekun proqnozunu açıqlayıb. Bu barədə Nazirliyin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova apa-ya açıqlamasında bildirib ki, yayın 3 ayı ərzində yüksək temperatur göstəricisi avqustda müşahidə olunub. Onun sözlərinə görə, iyun-iyul ayında isə avqusta nisbətən havalar sərin keçib.

G.Məmmədova qeyd edib ki, avqust yayın ən isti aylarından biri hesab olunur: “Əvvəlki illərdə də avqust ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu 35-40, yarımadanın bəzi yerlərində 41, bölgələrdə 35-40, bəzi yerlərdə 42-43, dağlıq ərazilərdə isə 28-33 dərəcə isti müşahidə olunub. 2015-ci il avqustun 1-i Bakıda havanın temperaturu rekord həddə çataraq 41 dərəcəyə yüksəlib. Bu il də avqust ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu 35-40, bəzi yerlərdə 41 dərəcə, bölgələrdə isə orta temperatur 35-40, mərkəzi Aran rayonları və Naxçıvan MR-nın bəzi rayonlarında 42 dərəcəyədək yüksəlib”.
Direktor əvəzi vurğulayıb ki, bu ilin avqust ayında əvvəlki illərlə müqayisədə heç bir fərq qeydə alınmayıb: “Avqust ayında temperatur əvvəlki illərlə müqayisədə eyni, sadəcə, bir qədər davamiyyətli olub. Bu ilin avqust ayının son 11 ilin ən isti avqust ayı olduğunu demək olmaz. Çünki ötən ay ən yüksək temperatur Abşeron yarımadasında 41 dərəcə, Mərkəzi Aran və Naxçıvanda bəzi rayonlarda 42 dərəcə qeydə alınıb ki, bu da ötən illə müqayisədə eyni göstəricidir”.
Qeyd edək ki, bir müddət öncə Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi Məhərrəm Həsənov mətbuata açıqlamasında Azərbaycanda son 11 ilin ən isti avqust ayının müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu il 2006-cı ildən bəri ən isti avqust ayı müşahidə edilir. Bildirilib ki, avqust ayında bu cür yüksək temperatur 1992-ci ildə, sonuncu dəfə isə 2006-cı ildə müşahidə edilib. 

Xəbər xətti