“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti sabah - sentyabrın 6-da başa çatır.
Sənədlərin təqdim edilməsi səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, MSK sentyabrın 16-dək “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Bundan başqa, sabah səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi müddəti də başa çatır. Bu prosedur səsvermə gününə azı 20 gün qalanadək həyata keçirilməlidir.
Təqvim Planına əsasən, referendum üzrə təşviqat qruplarının ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti sentyabrın 6-dan başlayır. Maliyyə hesabatını təşviqat qruplarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təqdim etməlidirlər. Bu proses sentyabrın 16-dək yekunlaşmalıdır.