Avqustun 5-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində ilk tədbirini keçirib. Layihə haqqında məlumat verən Layihə rəhbəri Məlahət Xəlilova deyib ki, 4 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində Bakı şəhərində, ziyalılar və mətbuat nümayəndələrinin iştirakı ilə dəyirmi masa və mətbuat konfranslarının keçirilməsi planlaşdırılır. Məlahət Xəlilova deyib ki, bu tədbirlərdə xüsusən gənclərə vətənpərvərlik hissləri ilə bağlı geniş məlumat veriləcək, bu maarifləndirmə işində prosesə sistemli yanaşma ortaya qoyulacaq.
Günümüzün əsas prioritet mövzusuna çevrilən vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu yöndə davamlı olaraq tədbirlər keçirilir. Keçirilən tədbirlərin məntiqi sonluğu kimi onu göstərmək olar ki, bugün hər bir azərbaycanlı vətəninə, torpağına və millətinə bağlıdır. Bayrağımızı hər zaman ucada görmək istəyi ilə formalaşan vətənpərvərlik hissi son zamanlar cəbhədə yaranan gərginlik zamanı özünü daha qabarıq büruzə verdi. Cəbhədə gərgin anlar yaşanmasına baxmayaraq heç kim doğma evini tərk etmədi. Müharibə şəraitində yaşayan Azərbaycanda vətənpərvərlik hissinin yüksəldilməsinə hər zaman ciddi ehtiyac var.
KİV-də vətənpərvərlik hissinin təbliği ilə bağlı silsilə məqalələri dərc ediləcək. 2 Şəhid ailəsinə baş çəkiləcək,müsahibələr alınacaq. Müasir bədii tarixi romanlar müəlliflərinin:Yunus Oğuz,Aqil Abbas ,Elçin Hüseynbəylinin əsərləri ilə("Nadir şah","Təhmasib şah", "Əmir Teymur", "Sultan Arpaslan", "Batmanqılınc", "Şah Abbas" və s.) bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Bu əsərlərin qəhrəmanlarının Azərbaycanın birliyi, bütövlüyü uğrunda gördüyü işlər, onların vətənpərvərlik hissinin yüksəldilməsi yönündə səyləri ilə bağlı müzakirələr təşkil olunacaq; şəhərin mərkəzi küçələrinin birində bu kitabların stendi qurulacaq, maraqlananlara kitablar barəsində ətraflı məlumatlar veriləcək,onlara kitablar hədiyyə ediləcək. Layihənin yekununa həsr olunmuş mətbuat konfransı keçiriləcək.