Bu gün ATƏT nümayəndələri Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirən zaman cəbhənin Ağdam istiqamətində tank və toplardan açılan atəş səsləri eşidilib.APA-nın xəbərinə görə, cəbhəyanı kəndlərin sakinləri ermənilərin işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçdiklərini bildiriblər.
Eyni zamanda ermənilərin işğal altında olan ərazilərdə yenidən yanğınlar törətdiyi bildirilib. Otlaq sahələrindən başlayan alov geniş ərazilərə yayılıb.
ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətində də olublar. Tərtər İH başçısı Müstəqim Məmmədov ATƏT nümayəndələrinə cəbhəyanı yaşayış məntəqələrində yaşayan sakinlərin mütəmadi olaraq erməni hərbçiləri atəşinə məruz qaldıqlarını deyib.
Bildirib ki, aprel döyüşlərindən sonra 178 dəfə atəşkəs pozulub, yerli sakinlər hətta taxıl biçini zamanı ermənilərin açdığı atəşdən zərər görüblər. Erməni əsgərləri Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin taxılbiçən kombaynını snayperlə yarasız hala salıblar.
Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Azərbaycanın Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq Xristo Xristov və Saymon Tillerin keçirdiyi monitorinq insidentsiz başa çatıb.