700 bal toplayan abituriyent: "Gecə birə qədər dərs oxuyurdum"

15:20 - 18 İyul 2016 - ÖLKƏ İÇİ

IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarında 700 bal toplayan 6 nəfərdən biri də İsmayıllı rayonu, 5 saylı orta məktəbin məzunu  Lətifov Ağalətif İsak oğludur. Lent.az-ın məlumatına görə, ən böyük arzusu həkim olmaq istəyən Ağalətif yeddinci sinifdə oxuyandan IV ixtisas qrupu üzrə hazırlaşmağa başlayıb: “Əsas məktəbdə hazırlaşmışam. Arada müəllimlərim də kömək edib. Günün çox hissəsini dərs oxumuşam. Axşamlar 9-10-a qədər, bəzən də gecə birə qədər dərs oxuyurdum. Arada 1-2 saatlıq istirahət edirdim. Onda da ya televizora baxırdım, ya da sosial şəbəkələrdə olurdum. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçəcəyəm”.

A.Lətifov növbəti ildə imtahan verəcək abituriyentlərə öz məsləhətini də verib: “İmtahana qədər çox hazırlaşsınlar, sonra imtahan vaxtı qorxmasınlar. Həyəcan hamıda olur. Amma bilsinlər ki, suallar keçdiyim dərslərdəndi. ATU-a qəbul olmaq istəyən kəs bu sualların cavabını bilməlidir. Suallar elə də çətin deyildi. Sadəcə çox oxumaq lazımdır”.


Xəbər xətti